Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin “qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin "qara qutu”larının deşifrə edilmiş materialları yaxın günlərdə Astanaya çatdırılacaq.
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.
"Yaxın günlərdə aviasiya hadisəsinin araşdırılması üzrə komissiya üzvlərinin “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya gəlməsi gözlənilir. Ekspertlər gələn kimi dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsinə başlayacaqlar", - qurumdan bildirilib.
Bundan əvvəl Aviasiya Hadisələrinin Təhqiqatı və Təqdim edilməsi Mərkəzinin (CENIPA) təyyarənin “qara qutu”larının açılmasını başa çatdırdığı barədə məlumat verilmişdi. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin “qara qutu”larından məlumatlar çıxarılaraq qəzanı araşdıran Qazaxıstana göndərilib.
"Bu aviasiya araşdırması ilə bağlı yekun hesabatda dərc olunacaq təhlil və nəticələrə görə məsuliyyət yalnız Qazaxıstanın istintaq orqanının üzərinə düşür", - Braziliya HHQ-nin nümayəndəsi qeyd edib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.