Zakir Nuriyev: Bankların aktivlərinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 7.7% artım var
“Bankların aktivlərinin həcmi 2024-cü ilin oktyabr ayının sonuna 49.7 mlrd. manat təşkil edib” .
1news.az-ın məlumatına görə, bu barədə Bakıda keçirilən VIII Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Banklar Assosiasiyanın(ABA)prezidenti Zakir Nuriyev deyib.
O, bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.7% çoxdur.
“Kredit portfelindəki artım isə bu tempi 3 dəfəyə yaxın ötərək 20.6% təşkil etmiş və ümumilikdə portfelin həcmi 27.1 mlrd. manat səviyyəsinə yüksəlmişdir. O cümlədən, biznes kreditləri 19.4%-lik artımla 14.6 mlrd. manat həcminə çatmışdır. Dövlət fondları nəzərə alınmadan, yalnız bankların vəsaiti hesabına real sektora verilmiş kreditlərinin həcmindəki artım isə ümumi kredit portfelindəki atımı da üstələyərək 21% olmuşdur” .
“Depozit portfeli isə təqribən 4%-lik artım ilə 34.4 mlrd. manat səviyyəsinə çatmışdır” - deyə Z.Nuriyev əlavə edib:
“Buna müqabil, fiziki şəxslərin müddətli depozitlərinin həcmi 26% artaraq, 8.3 mlrd. manat səviyyəsinə çatmışdır. Fiziki şəxslərin əmanətlərinin dollarlaşma əmsalı isə 34% təşkil etməkdədir və ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 faiz bəndi azalmışdır”.