Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏR
Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılmışdır.
“Təmiz Şəhər” ASC-dən 1news.az-a verilən məlumata görə, Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanıb.
Nəqliyyat vasitələrinin utilizasiyasının təşviq edilməsi, medianın və ictimaiyyətin məlumatlandırılması məqsədilə bu gün keçirilən tədbir çərçivəsində yeni yaradılan elektron portal ictimaiyyətə təqdim olunub.
Müxtəlif dövlət qurumlarının, media nümayəndələrinin və nəqliyyat üzrə ekspertlərin iştirak etdiyi tədbirdə qeyd olunub ki, mövcud tələblərə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Daha sonra zəruri məlumatlar yeni istifadəyə verilmiş portala daxil edilməklə nəqliyyat vasitəsi utilizasiyaya təqdim edilir. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında yerli istehsal yeni nəqliyyat vasitəsi almaq üçün güzəşt və ya birdəfəlik ödəniş almaq mümkündür.
Ötən dövr ərzində 35 nəqliyyat vasitəsi utilizasiyaya verilmiş və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır.