Gələcəyin peşələri: Kənd təsərrüfatı və qida elmləri fakültəsinin ilk tələbəsi 1news.az saytının qonağı olub – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Gələcəyin peşələri: Kənd təsərrüfatı və qida elmləri fakültəsinin ilk tələbəsi 1news.az saytının qonağı olub – MÜSAHİBƏ

12:57 - 13 / 07 / 2024
Gələcəyin peşələri: Kənd təsərrüfatı və qida elmləri fakültəsinin ilk tələbəsi 1news.az saytının qonağı olub – MÜSAHİBƏ

Bu ildən etibarən ADA Universitetində yeni Kənd təsərrüfatı və qida elmləri fakültəsi açılır.

Bu fakültədə təhsil alan tələbələr müasir dünyada ən çox tələbatın olduğu sahələrindən birində karyera qurmaq üçün lazımi bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər. Azərbaycanda bu sahə yenicə yaranır və ixtisaslı kadrlara ehtiyac duyulur ki, bu da sözügedən fakültənin açılmasına təkan verib. Bu bakalavr proqramı haqqında ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz.

1news.az saytı ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin ilk tələbəsi, ADA Məktəbinin məzunu Murad Adıgözəlovla həmsöhbət olub. O bizə seçimi və gələcək planları barədə danışıb.

- Murad, zəhmət olmasa, bizə özünüz haqqında danışın.

- 9-cu sinfədək bir neçə məktəbdə oxumuşam. Hələ o vaxt ADA Universitetində təhsil almaq istəyirdim. Beləliklə, bu təhsil müəssisəsində hansı atmosferin olduğunu anlamaq və təhsilin strukturuna uyğunlaşmaq üçün ADA Məktəbinə qəbul olmaqla bu istiqamətdə ilk addımı atmaq qərarına gəldim. ADA Məktəbinə qəbul olunmaq üçün IELTS və ya "Duolingo" onlayn ingilis dili testindən keçmək lazımdır, çünki burada təhsil ingilis dilində aparılır, eləcə də 9-cu sinif riyaziyyat imtahanından 65-dən çox bal toplamalısınız.

- ADA Məktəbində aparılan tədrisin əsas fərqləndirici xüsusiyyətləri hansılardır?

- Orada qiymətləndirmə GPA sistemi əsasında aparılır. Bu, həftədə müəyyən bir fənn üzrə dərslərin sayından asılı olan kredit sistemidir. Yəni əgər həftədə riyaziyyatdan 4, ingilis dilindən 2 dərs keçirsinizsə, riyaziyyatdan daha çox kredit alırsınız və bu fənn maksimum balınıza daha çox təsir edir. Həm ADA Məktəbi, həm də ADA Universiteti həmin sistemlə çalışır. Bu məktəbdə təhsilin necə qurulduğunu anlamaq üçün mənə bir ay vaxt lazım oldu və sonda bu sistemin bütün üstünlüklərini gördüm.

- ADA Məktəbində təhsil aldığınız müddətdə əldə etdiyiniz hansı bilik və bacarıqları daha faydalı hesab edirsiniz?

- Burada şagirdlər tez-tez birlikdə layihələr üzərində işləyirlər. Yəni məktəbdə komanda şəklində işləmək və insanlarla ünsiyyət qurmaq bacarıqları formalaşır. Fikrimcə, digər bir üstünlük ondan ibarətdir ki, burada şagirdlər mühazirələri kağızdan əzbərləmir, əvəzində mövzunu özləri araşdırır və anladıqları şəkildə müəllimə danışırlar. Həmçinin, məktəbdə baş tutan xüsusi günlərdə şagirdlər müəllimləri əvəz edir və sinfə müəyyən mövzuları tədris edirlər. Onlar dərsi interaktiv formatda keçirmək və şagirdlərdə maraq oyatmaq üçün təqdimatlar hazırlayır və müxtəlif fəaliyyətlər düşünürlər. Hətta bəzi onuncu sinif şagirdləri diplomların təqdim olunması tədbirlərində aparıcı kimi çıxış edirlər. Beləliklə, ADA Məktəbində şagirdlərdə komandada işləmək bacarıqları inkişaf etdirilir, ictimai çıxışlar, natiqlik və yetkinlik dövründə onlara faydalı ola biləcək digər mühüm sosial keyfiyyətlər aşılanır. Adi dövlət məktəblərində, bir qayda olaraq, bunlara rast gəlmirik.

- “Kənd təsərrüfatı texnologiyaları” ixtisasını seçməkdə sizi nə ruhlandırdı?

- Seçim edərkən gələcəkdə süni intellektlə əvəzlənməyəcək və ya sonuncu növbədə əvəzlənəcək peşələri nəzərdən keçirirdim. “Kənd təsərrüfatı texnologiyaları” da süni intellektlə ən son əvəzlənəcək ixtisaslardan biridir. Həm də uşaqlıqdan flora və faunanı öyrənməyə, bu barədə ensiklopediyalar oxumağa çox marağım olub. Digər tərəfdən, valideynlərimin verdiyi tərbiyə sayəsində uşaqlıqdan vətənpərvər kimi böyümüşəm və bir vətəndaş kimi ölkəm üçün faydalı olmaq istəyirəm.

Dünyada ərazisinə görə Azərbaycandan kiçik və daha az torpaq resurslarına malik ölkələr var ki, məhz müasir texnologiyalardan istifadə sayəsində kənd təsərrüfatı məhsulları üzrə liderlər sırasındadır. 44 günlük Vətən müharibəsindən sonra biz işğal olunmuş ərazilərimizi geri qaytardıq və geniş torpaq resurslarına çıxış əldə etdik. Qarabağ, adından da göründüyü kimi çox məhsuldar, qara torpaqla zəngin ərazidir. Amma təəssüf ki, bu torpaqlar inkişaf etdirilməyib. Azərbaycanda bu sahə yenicə yaranır və mən bu işə öz töhfəmi vermək istərdim.

- Sizcə, müasir texnologiyalar kənd təsərrüfatında hansı rol oynayır?

- Çox vacib rol oynayır, çünki məhz bu texnologiyalar kənd təsərrüfatı ixracını artırmaqla kənd təsərrüfatı sektorundan maksimum qazanc əldə etməyə imkan verir. Kənd təsərrüfatı texnologiyaları hazırda bütün dünyada sürətlə inkişaf edən bir sahədir. Bu sahəyə tələbat da kifayət qədər yüksəkdir, çünki həyati əhəmiyyət kəsb edən qida ilə əlaqəlidir. İstərdim ki, bu sahədə inkişaf edim və torpaqlarımızı inkişaf etdirək. Ermənilər torpaqlarımızın nemətlərindən istifadə edərək Qarabağda çoxlu bağlar, bostanlar salıblar, məhsullar yetişdiriblər. Kənd təsərrüfatını inkişaf etdirməklə biz ölkəmizi daha yüksək səviyyəyə çatdıra bilərik.

- Kənd təsərrüfatı texnologiyaları sahəsində peşəkar yüksəliş üçün hansı imkanları görürsünüz?

- Kənd təsərrüfatı texnologiyaları öz-özlüyündə çox böyük sektordur. Bu sektorda insan torpaqla, bitkilərlə, heyvanlarla və s. ilə işləyə bilər. Bu, ADA Universitetində yeni açılmış fakültələrdən biridir - onun üçün öz laboratoriyası olan ayrıca kampus tikilib. Burada tələbələr tədrisi təkcə nəzəri deyil, həm də praktiki cəhətdən mənimsəmək imkanı əldə edirlər.

ADA Məktəbində bizim üçün təşkil edilmiş “information session”da Boloniya Universitetinin professoru çıxış etdi. Hazırda o, ADA Universitetində Kənd Təsərrüfatı Texnologiyaları kafedrasına rəhbərlik edir. O bildirib ki, 10-20 ildən sonra bu sahədə hazırda mövcud olmayan peşələr meydana gələcək. Yəni bu sahənin çox böyük potensialı var.

- Söhbətə görə təşəkkür edir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq!

Müsahibə: Leyla Məmmədova

Foto: Nadir İbrahimli

Bu müsahibə rus dilində

Paylaş:
3219

Son xəbərlər

Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24Bakıda daha 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilirBu gün, 11:02
Bütün xəbərlər