İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib.
İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında həyata keçirilən tədbirlər nəticəsində 2024-cü ildə də Azərbaycan iqtisadiyyatında dinamik inkişafın davam etdiyini vurğulayıb, əldə olunmuş nəticələrdə İqtisadiyyat Nazirliyinin əməkdaşlarının töhfəsini qeyd edib. İnsan kapitalının inkişafının, əməkdaşların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulayan iqtisadiyyat naziri bunun gələcək uğurların əsas şərtlərindən olduğunu və dövlət başçısının müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində Nazirliyin hədəflərini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin, Nazirlik yanında Dövlət Vergi Xidmətinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib.
İqtisadiyyat naziri və Nazirliyin əməkdaşları fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa təşəkkürnamələr təqdim edilib.