Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məqsədyönlü şəkildə hazırladıqları məkrli plan | 1news.az | Xəbərlər
Köşə

Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məqsədyönlü şəkildə hazırladıqları məkrli plan

16:17 - 28 / 02 / 2024
Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məqsədyönlü şəkildə hazırladıqları məkrli plan

XX əsrin sonunda Azərbaycana qarşı əsassız ərazi iddialarını, hərbi təcavüz və işğalçılıq siyasəti həyata keçirmək məqsədilə atacaqları zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniyasını həyata keçirən Ermənistan rəhbərliyi, erməni millətçiləri, siyasi ideoloqları və terror təşkilatları 1980-ci illərin ikinci yarısında hərəkətə keçdilər. Məhz Sumqayıt hadisələri də erməni millətçilərinin Qarabağın dağlıq hissəsini işğal etmək üçün Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur.

Bu hadisələr ermənilərin Azərbaycan torpaqlarını zəbt etmək üçün hələ xeyli əvvəl məqsədyönlü şəkildə hazırladıqları planın ideoloji əsaslarını qoymaqla sonradan siyasi-hərbi mərhələyə keçidin başlanğıcı oldu.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “Sumqayıt hadisələri - SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycana qarşı məqsədyönlü şəkildə hazırladıqları məkrli plan” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Məlum olduğu kimi, bütün dövrlərdə Dağlıq Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdır. Azərbaycan xalqının əleyhinə və erməni millətçiliyi ruhunda yazılmış Z.Balayanın İrəvanda “Sovetakan qrox” nəşriyyatında 100 min tirajla çap olunan və SSRİ məkanında geniş yayılan “Oçaq” (Yurd) kitabı Ermənistanda Dağlıq Qarabağı ələ keçirmək üçün aparılan təbliğat işini daha da gücləndirdi.

1986-cı ilin fevralında ermənilər SSRİ-də irəli sürülən “aşkarlıq” və “demokratiya” ideyalarından istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzində - Xankəndində tarix və mədəniyyət abidələrini qoruyan “Krunk” adlı təşkilat yaratdılar. Ancaq sonradan məlum oldu ki, “Krunk” sözü rus dilində “Комитет Революционного Управления Нагорного Карабаха” sözlərinin baş hərflərindən yaranmışdı. Təşkilatın əsas məqsədi isə tarixi abidələri qorumaq deyil, DQMV-nin Ermənistana birləşdirilməsinə nail olmaq idi.

Artıq 1987-ci ilin iyun-iyul aylarında ermənilər Xankəndinin küçələrində Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün təbliğat apararaq bu istiqamətdə vərəqələr yayırdılar. Ayrı-ayrı adamların İttifaq rəhbərliyinə yazdıqları məktublar artıq bu dövrdə müxtəlif kollektivlərdən imzalar toplanması kampaniyasına çevrildi və ərazi iddialarının yeni mərhələsinin təməli qoyuldu. Bu hərəkatın əsas aparıcı qüvvəsi olan “Krunk” təşkilatı da gizli, eyni zamanda, geniş fəaliyyət göstərirdi. İlin ikinci yarısında İrəvandan müntəzəm olaraq Xankəndiyə gələn emissarlar ermənilər arasında fəal iş apararaq xüsusi imzalar toplamaqla Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşmək ideyasını təbliğ edirdilər. Eyni zamanda, 1988-ci il yanvarın 25-də ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində Ermənistan SSR-in Qafan və Mehri rayonlarından qovulmuş və didərgin salınmış ilk yüzlərlə azərbaycanlı qaçqın Azərbaycana gəldi. Yanvar-fevral aylarında Ermənistan SSR-dən zorla qovulmuş 4 min nəfərdən çox azərbaycanlı Azərbaycana gələrək, əsasən, Sumqayıtda məskunlaşdılar.

Otuz altı il əvvəl - Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü necə başladı? Hadisələrin qarşısını almaq olardımı? XX əsrin sonunda birbaşa sovet rəhbərliyinin ermənilərə açıq himayədarlığı sayəsində Dağlıq Qarabağın məqsədyönlü şəkildə Azərbaycandan ayrılması, Ermənistana birləşdirilməsi üçün planlı addımlar atıldı. 1988-ci il fevralın 8-də erməni millətçiləri Xankəndidə DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-in tərkibinə verilməsi tələbi ilə yeni imza toplanması kampaniyasına başladılar və ayın 12-də DQMV-də gizli fəaliyyət göstərən millətçi “Krunk”un təşkilatçılığı ilə ermənilər DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirdilər. 1988-ci il fevralın 18-də M.Qorbaçovun SSRİ-də milli münasibətlər məsələsinə yenidən baxılmasının vacibliyini bildirməsi vəziyyəti daha da gərginləşdirdi. Bu çıxışdan istifadə edən ermənilər fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdilər. Qeyd etmək lazımdır ki, fevralın 22-də bu qeyri-qanuni qərardan 2 gün sonra Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu. Ermənilərin uydurduğu kimi yox, məhz ilk qanı ermənilər tökdülər.

1985-1991-ci illərdə SSRİ DTK sədrinin birinci müavini işləmiş Filip Bobkovun “DTK və hakimiyyət” adlı kitabında əsaslı faktlar vardır. F.Bobkov bu barədə yazır: "Fakt faktlığında qalır. İlk qurbanlar azərbaycanlılar oldu. Münaqişənin başlanmasında ilk qanı məhz ermənilər tökdülər". Həqiqətən də 1988-ci il fevralın 22-də DQMV Xalq Deputatları Sovetinin Azərbaycandan ayrılma barədə qərarından iki gün sonra dinc azərbaycanlılara Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında erməni silahlıları atəş açdılar. Əsgəran yaxınlığında ermənilərin açdığı atəş nəticəsində Əli və Bəxtiyar adlı iki azərbaycanlı gənc həlak oldu.

1988-ci il fevralın 26-da Sov. İKP MK Baş katibi M.S.Qorbaçovun Azərbaycan və Ermənistan zəhmətkeşlərinə (sonuncu ifadə olduğu kimi verilmişdir – müəllif) müraciəti münaqişənin tezliklə həll olunacağına bəslənən ümidləri bir qədər də azaltdı. Müraciətdə deyilirdi: “Bu muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən Ermənistan SSR-in tərkibinə keçməsi məsələsi qaldırılmışdır... Biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilik”. Müraciətdə ermənilərlə yanaşı, azərbaycanlılar da şüurlu və məsuliyyətli olmağa çağırılırdı. Elə həmin gün Qarabağ hərəkatının ideoloqlarından olan qatı millətçi və Azərbaycan xalqının əleyhinə çıxışları və əməlləri ilə “seçilən” Z.Balayanı və S.Kaputikyanı Moskvada əvvəlcə A.Yakovlev, sonra isə Baş katib M.Qorbaçov qəbul etdi. Qəbulda M.Qorbaçovun müşavirlərindən biri Georgi Şahnazarov da iştirak edirdi. Tomas de Vall “Qara bağ” kitabında yazır: “Moskvadan qayıdan Silva Kaputikyan televiziya ilə, Zori Balayan isə mitinqdə çıxış edərək kütləvi mitinqləri bir ay müddətində təxirə salmağın vacibliyini bildirdilər. Silva Kaputikyan isə ermənilərə vəd verərək demişdi: “Biz bu məğlubiyyəti qələbəyə çevirməliyik”.

F.Bobkov bu görüşlə bağlı “DTK və hakimiyyət” kitabında yazır ki, bu görüşlərin nə üçün lazım olduğunu demək çətindir. Nə üçün Moskvada ancaq erməniləri qəbul etmişdilər? Bu, açıq-aşkar, nümayişkaranə tərəfkeşlik nəyə lazım idi?... Azərbaycanlılarda hakimiyyətin bu hərəkətləri nəinki təəccüb doğurdu, hətta onlarda belə hiss yaratdı ki, onları satıblar. Ermənilər isə sevinirdilər, həm də Moskvadan qayıdan S.Kaputikyan və Z.Balayan birmənalı olaraq birdirmişdilər ki, Qarabağ münaqişəsində Qorbaçov ermənilərin tərəfindədir”. Bir gün sonra - fevralın 27-də SSRİ Baş prokurorunun müavini Aleksandr Katusev gözlənilmədən mərkəzi televiziya və Azərbaycan radiosu ilə çıxış edərək Əsgəranda həlak olan iki nəfərin milliyyətini hadisədən beş gün sonra açıqladı. Bu məlumat ictimaiyyətə niyə məhz Sumqayıtda iğtişaşlar başlayan gün təcili çatdırıldı? Amma hadisə baş verən ilk iki gün ərzində Baş prokurorun müavini öldürülənlərin etnik mənsubiyyətini bildirməmişdi.

Aleksey Zveryev “Qafqazda mübahisəli sərhədlər. Qafqazda etnik münaqişələr, 1988-1994-cü illər” əsərində yazır: “SSRİ Baş prokurorunun müavini A.Katusov fevralın 27-də Mərkəzi televiziya ilə çıxış edərək milli mənsubiyyəti vurğulayaraq iki azərbaycanlı gəncin qətlə yetirilməsi haqda məlumat verdi. Bu çıxış mümkündür ki, katalizator rolunu oynadı”.

F.Bobkovun bu görüşlə bağlı adı çəkilən kitabında Sumqayıt hadisələri haqqında da maraqlı faktlar vardır. Heç şübhəsiz ki, 1988-ci il fevralın 27-29-da Sumqayıtda əvvəlcədən hazırlanmış plan üzrə törədilən iğtişaş həmin dövrdə həyata keçirilən məqsədyönlü təxribatların kulminasiyası idi. Baş katib M.Qorbaçovun S.Kaputikyanla Z.Balayanı qəbul etməsi və Əsgəranda öldürülənlərin məhz azərbaycanlı olmaları haqda rəsmi məlumat hər iki tərəfə qızışdırıcı təsir göstərdi.

İğtişaşlardan bir neçə gün əvvəl erməni millətindən olan saqqallı və qara gödəkcəli 100-dən çox şəxsdən ibarət təxribat qrupu Sumqayıta göndərilmişdi. Onlar şəhərin “Dalğa” və “Sumqayıt” mehmanxanalarında yerləşdirilmişdir. Şərti olaraq “Nalyotçik” adlandırılan qrupun üzvləri fevralın 27-də küçələrə çıxaraq əhali arasında milli zəmində iğtişaşların həyata keçirilməsi üçün iş aparmağa başladılar. Halbuki hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, vəziyyətin nəzarət altına alınması üçün onlar tərəfindən vaxtında qabaqlayıcı tədbirlər görülmədi. Niyə? Bu sual indi hamıya gün kimi aydındır. Etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirmək üçün Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirmək ideyasını hərbi vasitələrlə reallaşdırmaq, eləcə də Ermənistandan azərbaycanlıları zorakılıqla deportasiya etmək idi.

Bakının 25 kilometrliyində yerləşən çoxmillətli Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258 min 200 nəfər təşkil edirdi. 1949-cu ildə şəhər statusu almış Sumqayıtın iri sənaye, mədəniyyət, elm mərkəzinə çevrilməsində keçmiş SSRİ-nin müxtəlif regionlarından gəlmiş xalqların nümayəndələrinin xidmətləri vardır. Bu, şəhər əhalisinin milli tərkibində də özünü göstərmişdir. Belə ki, 1959-cu ildə burada 10-dan artıq millətin nümayəndəsi yaşayırdısa, 1970-ci ildə onların sayı 15-ə, 1979-cu ildə 77-yə, 1989-cu ildə isə 81-ə çatmışdı. Buna baxmayaraq, şəhər əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. 1979-cu ilin əhali siyahıyaalınmasının nəticələrinə görə, azərbaycanlılar ümumi şəhər əhalisinin 68,8 faizini, ruslar 18 faizini, ermənilər 6,7 faizini təşkil edirdilər.

Bu dövrdə Ermənistandan zorakılıqla qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı. O zamanadək Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 qaçqın və ya 3030 ailə gəlmişdi. Sıralarında 4 rus ailəsinin olduğu qaçqınların çoxu küçələrdə evsiz-eşiksiz qalmışdılar.

Yaranmış gərgin şəraitdə, ermənilər tərəfindən qabaqcadan hazırlanmış plan əsasında və onların bilavasitə iştirakı ilə fevralın 28-29-da Sumqayıtda baş verən kütləvi iğtişaşlar nəticəsində 26 erməni, 6 azərbaycanlı qətlə yetirildi. Bədən xəsarəti alan 198 nəfərin 87-si xəstəxanaya yerləşdirildi. 60 mənzil qarət edildi,14 avtomaşın yandırıldı, 8 avtomaşın zədələndi, 16 ticarət obyektinin şüşələri qırıldı. Azərbaycan SSR Daxili İşlər Nazirliyinin 17 avtomaşını əzildi.

O zaman SSRİ Prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildirmişdilər.

Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Belə ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən Sumqayıt hadisələri ilə əlaqədar istintaq zamanı müəyyən edilib ki, 1988-ci il fevralın 28-29-da Sumqayıtda baş verən hadisələrin kökündə “Krunk” və “Qarabağ” təşkilatlarının erməni millətçi hərəkatı üçün vəsait topladığı, ümumi büdcəyə pul ödəməyənləri isə cəzalandırmaq qərarına gəldikləri, elə məhz buna görə də Sumqayıtda evlərinə hücum edilən ermənilərin məhz “Krunk” təşkilatına pul ödəməyən ermənilər olmaları haqda fikirlər təsdiqini tapmışdır.

Bununla yanaşı, istintaqla 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin kütləvi şəkildə çıxarılması müəyyən olunmuşdur. 1988-ci ilin yanvar-fevral aylarında, yəni, Sumqayıtda kütləvi iğtişaş baş verməzdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143 min 64 rubl məbləğində əmanətlər götürülmüş və həmin aylarda şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Faktlar sübut edir ki, törədilmiş talanlar təsadüfi olmamışdır.

Qeyd etmək lazımdır ki, talanlar başlamazdan əvvəl şəhərdə yaşayan imkanlı ermənilərin əksəriyyəti Sumqayıtı tərk etmiş, şəhərdə qalan imkansız ermənilərin bəziləri zərər görmüşdülər. Erməni millətçilərinin tarixində ermənilərin bu üsuldan istifadə etdikləri haqqında kifayət qədər tutarlı faktlar mövcuddur. Yəni Sumqayıtda da baş verəcək hadisələr əvvəlcədən planlı şəkildə hazırlanmış və yerli ermənilər xəbərdar edilmişdi. Bununla yanaşı, baş vermiş talan və qətllərdə erməni millətindən olanlar xüsusi tapşırıqla “fəallıq” göstərmiş, öz millətindən olanlara amansızlıq etmişlər. Sonradan istintaqla müəyyən edilmişdir ki, iğtişaşların təşkilatçılarından biri milliyyətcə erməni Eduard Qriqoryan olmuşdur. Belə ki, istintaq materiallarının araşdırılması zamanı bir sıra mühüm məqamlar ortaya çıxdı. Sənədlər təsdiq edir ki, Eduard Qriqoryan və onun rəhbərlik etdiyi qrup iğtişaşlar zamanı daha çox qəddarlıq edərək 6 ermənini qətlə yetirmişdir. Erməni millətindən olan Sumqayıt şəhər sakinlərinin öldürülməsinə görə məhkum olunmuş Eduard Qriqoryan 1989-cu il dekabrın 22-də hökm oxunduqdan sonra, - SSRİ mövcud olduğu zaman, – 1991-ci il avqustun 26-da Yerevan şəhər 1 saylı istintaq təcridxanasına köçürülmüş, sonradan azadlığa buraxılmış və hazırda Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində yaşamaqda davam edir.

Sumqayıt hadisələri ilə əlaqədar istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş xüsusi bir plan olmuşdur. SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, Sumqayıtda hadisələrinin əvvəlindən axırınacan foto-video çəkilişi aparılmış və Mərkəzi televiziya vasitəsilə erməni mənşəli Henrix Borovikin aparıcısı olduğu “Vzqlyad” adlı proqramda iki dəfə göstərilmiş, sonra isə SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi dünyada yaymışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt hadisələrini təhlil edərək demişdir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın”.

Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra 44 günün ərzində reallığa çevrildi. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Bununla yanaşı, 2024-cü il fevralın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimində bildirdi ki, bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır: “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük”.

Paylaş:
2903

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər