Təfəkkürümüzün güzgüsü Azərbaycan dili qlobal tədbirləri müşayiət edir | 1news.az | Xəbərlər
Köşə

Təfəkkürümüzün güzgüsü Azərbaycan dili qlobal tədbirləri müşayiət edir

11:10 - 01 / 08 / 2024
Təfəkkürümüzün güzgüsü Azərbaycan dili qlobal tədbirləri müşayiət edir

"Heç kəsə sirr deyil ki, bu gün müasir dünyada hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır".

Bu sözləri mətbuata açıqlamasında VI çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

M.Əfəndiyev qeyd edib ki, Azərbaycan dilinin formalaşması və qorunub saxlanılması xalqımız üçün tarix boyu böyük əhəmiyyət kəsb edib. Azərbaycan dili müxtəlif dövrlərdə müxtəlif təsirlər altında qalaraq inkişaf etmiş, bu inkişaf prosesində bir sıra mərhələlərdən keçmişdir.

Bu gün fəxrlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milli kimliyimizi, mənəvi dəyərlərimizi qoruyub, bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var.

Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Məhz Ulu Öndərin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş Azərbaycan SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.

Lakin, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində, xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu baxımdan, qədirbilən Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev dil sahəsində başladığı islahatları uğurla davam etdirərək, Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Belə ki, Ümummilli Liderimizin əvəzsiz səyləri nəticəsində müstəqilliyini yenicə əldə etmiş, gənc Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edildi.

Məhz Heydər Əliyevin “Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb” sözləri dövlət dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində mühüm yol xəritəsi oldu. Azərbaycan Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.

Bu gün isə müasir Azərbaycan Respublikası demək olar ki, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edərək, həmin qlobal tədbirlərin keçirilməsində Birləşmiş Millətlər Təşkilatının qəbul olunmuş beş əsas dilinin istifadəsi ilə yanaşı olaraq, Azərbaycan dilinin də zənginliyini ortaya qoyur, onun hər bir insan və hər bir kəs tərəfindən hörmətlə, sevə-sevə öyrənilməsinə şərait yaradır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.

Təsadüfi deyil ki, Azərbaycan dili istər qədimliyi, istərsə də zənginliyi, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır.

Bütün bunlara baxmayaraq, bizim bundan sonra qarşıda duran əsas məqsədimiz dilimizin bu günə qədər olduğu kimi qorunub saxlanılması, türk dilləri ailəsi ilə bağlılığını nəzərə alaraq daha da saflaşması, zənginləşdirilməsi, beləliklə də Türk Dövlətləri Təşkilatının işinə töhfə vermək, vəzifəmizi daha anlamlı həyata keçirməkdir.

Qeyd edim ki, bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində on minlərlə eko fəal, COP siyasəti ilə məşğul olan mütəxəssislər Azərbaycana səfər edəcəklər. Bu isə, öz növbəsində, xalqımıza yenidən imkan yaradacaqdır ki, təfəkkürümüzün güzgüsü olan Azərbaycan dilinin zənginliyi, təmizliyi, müdrikliyi, müqəddəsliyi hər bir qonağa dərin ehtiram və qonaqpərvərliklə çatdırılsın.

Paylaş:
4415

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər