“Azərbaycanda tarixən məzhəblər və millətlər arasında qardaşlıq olub” - Dini və milli tolerantlıq - ŞƏRH | 1news.az | Xəbərlər
Müsahibə

“Azərbaycanda tarixən məzhəblər və millətlər arasında qardaşlıq olub” - Dini və milli tolerantlıq - ŞƏRH

Ayşən İsmayılova11:00 - 22 / 02 / 2024
“Azərbaycanda tarixən məzhəblər və millətlər arasında qardaşlıq olub” - Dini və milli tolerantlıq - ŞƏRH

Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyət və sivilizasiyaların bir yerə toplaşdığı yer olub.

Lakin bu qədər rəngarəng sivilizasiyaların birgəliyinə baxmayaraq, heç kəsə dininə, irqinə, milli mənsubiyyətinə, adət-ənənələri və inanclarına görə fərq qoyulmamışdır. Hətta ədəbiyyatımızın bir çox görkəmli nümayəndələri öz yaradıcılıqlarında bu mövzudan bəhrələnmiş, insanları birliyə səsləmişdir. Əvəzolunmaz şairimiz Abdulla Şaiqin “Həpimiz bir günəşin zərrəsiyik” şeiri buna ən parlaq nümunələrdən biridir:

Həpimiz bir yuva pərvərdəsiyiz!
Həpimiz bir günəşin zərrəsiyiz!
Ayramaz bizləri təğyiri-lisan,
Ayramaz bizləri təbdili-məkan.
Ayramaz bizləri İncil, Quran,
Ayramaz bizləri sərhəddi-şəhan.

Eyni çağırışların sədası böyük ustad Əli bəy Hüseynzadənin “Turan” şeirində də öz əksini tapıb:

Əcdadımızın müştərəkən mənşəi Turan.

Bir dindəyiz biz, həpimiz haqpərəstan

Mümkünmü ayırsın bizi İncil ilə Quran?

Bəs dini və milli tolerantlıq, deyəndə nə anlayırıq? Hazırda ölkəmizdə tolerantlıq qoruna bilirmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü, ilahiyyat elmləri doktoru Hacı Surxay Məmmədli Azərbaycanın həmişə tolerant bir ölkə olduğunu söyləyib:

“Allahın yaratdığı ən böyük dəyər insandır. İnsanlığın dəyəri isə müxtəlif dinlərə mənsub insanların qarşılıqlı anlaşmasından keçir. Bu, təqdiri-İlahidir. Bu barədə Qurani-Kərimdə belə buyurulur:

“Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə ayrı-ayrı qəbilələrə, tayfalara ayırdıq” (Əl-Hücurat, 49).

Bu ayədən də yol çıxararaq tolerantlığı belə izah etmək olar ki, tolerantlıq müxtəlif xalqların və etnosların mədəni irsinin öyrənilməsidir. Dini tolerantlıq milli mədəniyyətlərin adət və ənənələrinin, milli ruhun qorunması deməkdir.

Tolerantlıq bir keyfiyyətdir, həyat tərzidir. Bu, bizim fərqliliyimiz və zənginliyimizdir. Tolerantlıq Azərbaycan xalqının xarakteri, özünüifadə formasıdır. Eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Sosial bir hadisə olan tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı ölkə olub. Burada ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında humanizm dəyərlərinin rolu böyükdür.

Azərbaycanda tolerantlığın yüksək dəyərini sübut edən əsas fakt Bakıda “Fəvvarələr bağı”nın yanında erməni kilsəsinin mövcudluğudur. Azərbaycanla Ermənistanın müharibə şəraitində olduğunu və ermənilərin azərbaycanlılara qarşı vandalizmini nəzərə alsaq, insanlar düşünə bilər ki, bu kilsə çoxdan dağıdılmalı idi. Amma bizim düşüncəmiz heç zaman nifrət üstündə qurulmayıb. Nə əhali, nə də dövlət tərəfindən onu dağıtmaq təşəbbüsü olmayıb. Hazırda kilsə tam təchizatı ilə mövcudluğunu qoruyur.

Azərbaycanda tarixən məzhəblər və millətlər arasında qardaşlıq olub: Bunu təkcə biz demirik,Azərbaycana gələn xarici qonaqlar da bunu təsdiq edirlər ki, burada dinlərarası, millətlərarası unikal sistem mövcuddur. Ümumiyyətlə, Azərbaycan bu göstəricisinə görə, dünyaya örnəkdir. Bu şişirtmə deyil, reallıqdır. Əgər tolerantlıq avropalı üçün hüquqi bir vəzifədirsə, azərbaycanlı üçün mənəvi məsələdir”.

Mövzu ilə bağlı fikir bildirən Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bu gün Azərbaycanın milli və dini tolerantlıq baxımından dünyanın ən inkişaf etmiş ölkələrindən biri olduğunu vurğulayıb:

“Tarix boyu da belə olub və bu gün də Azərbaycanda yaşayan bütün xalqlar, millətlər arasında münasibətlər ən yüksək səviyyədədir. Bu gün bütün xalqların, bütün dinlərin nümayəndələri Azərbaycan xalqı ilə birlikdə sülh və anlaşma şəriatində yaşayırlar. Dövlət nəinki onların etiqad azadlığını təmin edib, eyni zamanda onlara qayğı və diqqət göstərir. Azərbaycan azsaylı ölkələrdəndir ki, kilsə və sinaqoqları dövlət özü inşa edir. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini bərabərhüquqlu vətəndaş kimi hiss edirlər. Biz Qarabağ zəfərinə baxanda görürük ki, yəhudilər də, xristianlar da, talışlar və ləzgilər də Azərbaycan xalqı ilə birlikdə döyüşdülər. Bu nədən irəli gəlir? Bu, dövlətin apardığı siyasətdən irəli gəlir. Bu gün cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ermənilərin bizə qarşı törətdiyi vəhşiliklərə baxmayaraq, Azərbaycandakı erməni kilsələrini qoruyuruq. Hər il dövlət büdcəsindən Azərbaycandakı icmalara yardımlar ayrılır. Bunu yalnız biz demirik. Dünyanın müxtəlif ölkələrinin dini mərkəzlərinin rəhbərləri də davamlı olaraq Azərbaycan haqqında bu kimi fikirlər söyləyir. Yəni Azərbaycanın tolerantlıq baxımından dünyanın ən çox inkişaf etmiş ölklərindən biri olduğu, burada bütün xalqların birgə yaşadığı və onlar tərəfindən də etiraf olunur. Hazırda bizim qarşımızda duran əsas məsələ bu ənənəni qorumaq və gələcək nəsillərə çatdırmaqdır”.

Deputat son olaraq radikal dindarlıq, təriqətlər və bunlardan qaynaqlanan terror hadisələrindən də söz açıb:

“Bütün müsəlman ölkələrində zaman-zaman baş verən hadisələrdir. Yəni bu gün müsbət məsələlərlə yanaşı, təəssüf ki, əksər müsəlman ölkələri radikal islamdan çox ciddi əziyyət çəkir. Azərbaycan nümunəsinə gəldikdə, bizdə bu, o səviyyədə deyil. Az da olsa, bəzən belə fəaliyyətlər olur. Əksər ərəb ölkələri radikalizm və terrordan əziyyət çəkirlər. Azərbaycanda bu kimi hallarla bağlı çox qətiyyətli mübarizə var. Dövlət çox sərt mübarizə aparır. Amma zaman-zaman cəhdlər olur və bu cəhdlərin qarşısı çox qətiyyətli və prinsipial formada alınır. Biz bunu son hadisələrdə də görmüşük. Hüquq-mühafizə orqanlarımız bu istiqamətdə çox ciddi və fəal bir iş aparır”.

Müəllif: Ayşən İsmayılova

Bu material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yardımı və müsabiqə şərtlərinə uyğun olaraq "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Paylaş:
3904

Son xəbərlər

Bütün xəbərlər