İndi mənəvi səfərbərlik vaxtıdır | 1news.az | Xəbərlər
Köşə

İndi mənəvi səfərbərlik vaxtıdır

09:33 - 21 / 02 / 2024
İndi mənəvi səfərbərlik vaxtıdır

Cəmiyyətdə qəddarlığa, zorakılığa meylin, mənəvi aşınmanın artması, bundan irəli gələn neqativ təzahürlər, silsilə sarsıdıcı hadisələr hər birimizi dərindən düşündürməlidir.

Bu, təhsildə, tərbiyədə, maarifləndirmədə, ideoloji təbliğatın təşkilində buraxdığımız boşluqları üzə çıxarır, cəmiyyətin mədəni səviyyəsindəki enişi, öyündüyümüz ailə dəyərlərinin nə dərəcədə ucuzlaşmasını nümayiş etdirir.

Zənnimcə, heç kim yaxasını kənara çəkməməlidir, çünki mövcud problemlər ayrı-ayrı fərdlərin işi olmaqdan çıxıb, bütövlükdə cəmiyyəti narahat edən məsələyə çevrilib.

Sözüm ilk növbədə valideynlərədir. Mobil telefonlara, internetə ifrat aludəçilik bu gün ailələrdə valideyn-övlad münasibətlərini zədələyib, ünsiyyəti azaldıb, doğma insanların bir-birinə qarşı etinazlığına, yadlaşmasına, bir-birindən, sözün həqiqi mənasında, xəbərsizliyinə səbəb olub.

Bu gün az qala, hər yerdə hamının gözü mobil telefondadır. Mobil telefon, serial, sosial şəbəkə asılılığından çıxıb, nəzərlərimizi övladlarımıza yönəltmək, onlarıla daha yaxından işləmək vaxtıdır. Onları danışdırmaq, dinləmək, problemlərindən daha dərindən agah olmaq, lazım gəldikdə, tədbir görmək vaxtıdır.

Sosial media platformalarının bolluğu, onlardan düzgün faydalana bilməmək nəticə etibarilə mənəvi kasadlıq və aşınmaya yol açıb. “Tik-tok” və digər mənəvi dəyərlər baxımından zərərli məlumatlarla yüklü platformalar bir ucdan cəmiyyətimizə yad, əxlaqa zidd anlayışları təlqin edir, aqressivlik, cahillik, mədəniyyətdən, kitabdan uzaqlaşma və mənən yoxsullaşmaya şərait yaradır. Əgər həll yolu “Tik-tok”u qapatmaqdırsa, buna da getməkdən çəkinməməliyik, amma kim zəmanət verir ki, “Tik-tok əhli” özünə yeni platformalar tapmayacaq?! Ona görə də bu gün məhz sosial media maarifçiliyi cəmiyyətin yeni çağırışı olmalıdır.

Uşaqlara, yeniyetmə və gənclərə sosial medianın zərərli tərəflərini də göstərmək, bunlardan qorunmaq üsullarını izah etmək zərurətdir. Uşaq tərbiyə müəssisələrində-bağçalarda, orta məktəblərdə, universitetlərdə də bu təbliğat işi düzgün təşkil olunmalıdırr. Elm və Təhsil Nazirliyinin də bu istiqamətdə konkret proqramlarla çıxış etməsi zəruridir. Media, QHT-lər də bu işdə əl-ələ verməli, eyni mərama yönəldən yolu – “qızıl orta”nı tapmalıdırlar.

Hər birimiz öz əməlimizlə mənəvi yaraları sağaltmağa çalışmalı, cəmiyyətdə qəddarlıq, zorakılıq hallarının artmasına qarşı sipər olmalıyıq. Bunun yolu isə düzgün maariflənmədən keçir.

Qorxulu filmlərdəki səhnələrdən də dəhşətli hadisələrlə bağlı xəbərlərin gündəlik həyatımızda adiləşməsi artıq həyəcan siqnalı çalmağa əsas verir.

Bizə xəstə şüurlar, xəstə cəmiyyət lazım deyil. İstiqaməti mənəvi və fiziki sağlamlığa doğru yönəltməyi bacarmasaq, vəziyyət daha da pisləşə bilər.

Hanı yüksək səviyyəli yeni cizgi filmlərimiz, yeni yazılmış uşaq musiqilərimiz, yeniyetmələr üçün yeni bədii filmlərimiz, yeni-yeni uşaq ədəbiyyatı örnəkləri?

Yad ideoloji zəhərləmələrdən cəmiyyətimizi xilas etmək, mütərəqqi milli-mənəvi dəyərlərimizi qorumaq və ötürmək missiyası bu gün hər kəsin çiynindədir.

Arada vaxt tapıb uşaqların əllərindəki oyuncaqlara nəzər yetirək, lütfən... Biz onları kimlərə oxşatmaq istəyirik? Niyə bizim milli oyuncaq istehsal edən fabriklərimiz yoxdur?

Axı, bizim övladlarımız həm də qəhrəmandır. Şuşanı, Xankəndini, Xocalını, Suqovuşanı, Füzulini, Qubadlını, bütünlükdə Qarabağı azad edən, alnımızdakı ləkəni silən, ana-bacılarının namusunu qoruyan, misilsiz rəşadət, fədakarlıq göstərən, Vətənin üzünü ağ edən əsl cəngavərlərdir.

Onların digər potensialını, bacarıqlarını da üzə çıxarmaq, problemlərini həll etmək mənəvi borcumuz, eyni zamanda vəfa borcumuzdur.

Artıq mənəvi səfərbərlik vaxtıdır. Biz övladlarımızı düzgün tərbiyə etməyi, zəruri bacarıqlarla silahlandırmağı, onları cəmiyyətimiz üçün faydalı, bütöv şəxsiyyətlər - əsl İNSAN kimi yetişdirməyi bacarmalıyıq. Bunun yolu intellektə, yüksək milli-mənəvi dəyərlərə, kitaba, mədəniyyətə söykənməkdir. Mədəniyyət zülmətləri yaran işıqdır, mədəniyyət xilasımızdır...

Böyük mütəfəkkir Hüseyn Cavid əfəndi hələ keçən əsrdə cəmiyyətin xilasının yalnız mədəniyyətlə mümkün olacağını yazırdı:

Turana qılıncdan daha kəskin, ulu qüvvət,

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru, dosent,

Əbədi Turan Kitab Fondunun sədri

Paylaş:
2928

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər