Xarici jurnalistlər Qala qoruğunda olublar | 1news.az | Xəbərlər
Mədəniyyət

Xarici jurnalistlər Qala qoruğunda olublar

Qafar Ağayev14:32 - 26 / 11 / 2024
Xarici jurnalistlər Qala qoruğunda olublar

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfər edən beynəlxalq media nümayəndələrinin “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna ziyarətləri təşkil olunub.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan 1news.az-a bildirilib ki, mediaturlar Qala qoruğunun ərazisində yaradılmış “Tullantıdan sənətə” muzeyini ziyarətlə başlayıb. “Sıfır tullantı” yanaşması ilə tullantılardan sənət nümunələrinin yaradılması qonaqlarda böyük maraq doğurub.

Sonra media nümayəndələri açıq səma altında yerləşən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksini ziyarət edərək, XVIII əsrə aid Abşeronun kənd həyatı ilə tanış olub, xalçaçılıq, dulusçuluq, dəmirçilik kimi qədim sənətkarlıq növlərini izləyib, ustad dərslərində iştirak ediblər. Mediaturun iştirakçılarına qədim Abşeron kəndlərində sakinlərin həyat tərzi, eyni zamanda, Qala qoruğu ərazisində yerləşən memarlıq və arxeoloji abidələr barədə ətraflı məlumat verilib.

Həmçinin xarici media mənsublarına Qala qoruğunda yenidən dirçəldilən, təkrar istifadə ilə ərsəyə gələn qurama eko-dost sənəti haqda danışılıb. Qonaqlar COP29 tədbiri çərçivəsində təşkil edilmiş “Qurama Art. Zamanın vəhdəti” sərgisi ilə də tanış olublar.

Qeyd edək ki, Qala qoruğuna mediaturlar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Paylaş:
925

Son xəbərlər

Bütün xəbərlər