Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür | 1news.az | Xəbərlər
Mədəniyyət

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür

16:37 - 25 / 11 / 2024
Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür

Yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardan biri də Xalq yazıçısı İmran Qasımovdır.

O, çoxcəhətli ədəbi fəaliyyəti boyunca rəngarəng janrlarda qələmə aldığı və özünəməxsus dəst-xəti ilə seçilən əsərlərində müasirlərinin zəngin mənəviyyatını və əxlaqi keyfiyyətlərini geniş lövhələrlə dolğun əks etdirib. İmran Qasımovun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir. Onun ssenariləri əsasında çəkilmiş filmlər yaddaqalan obrazları ilə diqqətəlayiq sənət nümunələri olub, kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün Xalq yazıçısı İmran Qasımovun anadan olmasının 106-cı ildönümü tamam olur.

Dramaturq və kinossenarist İmran Qasımov 1918-ci il noyabrın 25-də Bakıda ziyalı ailəsində anadan olub. O, açıqfikirli bir ailədə böyüyüb, savadlı, məlumatlı, zəkalı insanlardan müsbət cəhətlər əxz edib. Adını daşıdığı əmisi - İmran Qasımov qüdrətli sənətkarlarla - Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, İsmayıl Hidayətzadə və başqa şəxsiyyətlərlə çiyin-çiyinə işləyərək Azərbaycanda musiqili teatrın yaranmasında, inkişafında böyük rol oynayıb. 1914-cü ildə vəfat etmiş əminin adını dörd il sonra dünyaya gələn qardaşı oğluna vermişlər.

Yazıçının atası Həşim Qasımov ötən əsrin əvvəllərində Azərbaycanın Peterburqda ali təhsil almış ilk mühəndislərindən biri idi. Anası Mələk xanım da dövrünün nəcib, geniş dünyagörüşə malik qadınlarından olub.

İmran Qasımov 1934-cü ildə orta məktəbi bitirdikdən sonra əvvəlcə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində, sonra Moskvada kinossenaristlər kursunda oxuyub.

Azərbaycan ədəbiyyatının, kino və teatrının inkişafında əvəzsiz xidmətləri olan İ.Qasımov uzun müddət Moskvada kinossenaristlər şöbəsinin rəisi, Azərbaycan kinematoqrafiya nazirinin birinci müavini, “Literaturnıy Azerbaydjan” jurnalının baş redaktoru, 1975-ci ildən ömrünün sonuna kimi (1981) Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi vəzifələrində çalışıb. Xalq yazıçısı fəxri adına, Azərbaycan Dövlət mükafatına layiq görülüb.

Yazıçı Həsən Seyidbəyli ilə birgə qələmə aldığı “Uzaq sahillərdə” romanı dövrünün ən populyar əsərlərindən olub. Yaradıcılığında dəniz mövzusunun xüsusi yeri var. Buna “Xəzər neftçiləri haqqında dastan”, “Dəniz cəsurları sevir” (H.Seyidbəyli ilə birlikdə), “İnsan məskən salır” , “Arzu”, “Xəzər üzərində şəfəq” və digər əsərlərini misal göstərmək olar. Ədəbi yaradıcılığında müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətini əks etdirib. Məhz bu səbəbdəndir ki, onun əsərlərini gənc oxucular böyük rəğbətlə qarşılayıb və seviblər.

İmran Qasımov həm də istedadlı ssenarist olub. Onun ssenariləri əsasında bir çox filmlər çəkilib. H.Seyidbəyli ilə birgə eyniadlı roman əsasında yazdıqları ssenari üzrə çəkilən “Uzaq sahillərdə” filmi xüsusilə geniş şöhrət qazanıb. Film dünyanın 25 dilinə tərcümə olunub, Asiya və Afrika ölkələrinin festivallarında birinci yer tutub, Kanadada mükafata layiq görülüb.

Onun ssenariləri üzrə çəkilən filmlərdə fədakar əmək, məhəbbət parlaq şəkildə əksini tapıb. Müasirlərin və yenilikçilərin hiss və duyğuları aydın şəkildə verilib. "Onun böyük ürəyi", "İnsan məskən salır" və s. filmləri bu gün də sevilərək baxılır.

Nasir, dramaturq, ssenarist və publisist İmran Qasımov çoxcəhətli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ədiblərdəndir. Onun yaradıcılığı haqqında müxtəlif monoqrafiya və əsərlər qələmə alıb. İmran Qasımov ömrü boyu müasirlərinin mənəvi zənginliyini, əxlaqi keyfiyyətlərini əks etdirən əsərlərə imza atıb. Yazdığı əsərlər oxucular tərəfindən maraqla qarşılanıb.

Özünəməxsusluq, xəlqilik İmran Qasımovun yaradıcılığını şərtləndirən və səciyyələndirən xüsusiyyətlərdir. Bu, onun təsvir etdiyi qəhrəmanların mənəvi aləminə, qayğılarına və sevinclərinə çox bağlı olduğunu parlaq şəkildə göstərir. O, qəhrəmanının həyat yolunu bir vətəndaş kimi ardıcıl olaraq izləyir, böyük rəğbətlə müşahidə edir və öyrənirdi.

O, ədəbi yaradıcılıqla bərabər, həm də ictimai xadim olub. Tez-tez xarici ölkələrə səfər edən yazıçı müxtəlif görüşlər keçirib, maraqlı adamlar haqqında xatirələr yazıb.

İmran Qasımov 63 il ömür yaşayıb. O, zəngin yaradıcılığı ilə ədəbiyyatımızda və kino sənətimizdə mötəbər yer tutub. Yazıçı 1981-ci il aprelin 20-də vəfat edib.

Paylaş:
465

Son xəbərlər

Bütün xəbərlər