İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb

Qafar Ağayev15:44 - 16 / 04 / 2025
İçərişəhərdə Xəttatlıq sənətinə həsr olunmuş sərgi açılıb

Aprelin 15-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Şirvanşahlar Sarayı Kompleksində “Hərflərin Sirri” adlı xəttatlıq sərgisi ziyarətçilərə təqdim olunub.

İdarədən 1news.az-a verilən məlumata görə, sərgi, qədim və zəngin estetikaya malik bir ənənənin sirlərini kəşf etmək imkanı yaradır.

Sərgidə tanınmış xəttat Gülümxan Bəydəmirin 60-dan çox əsəri yer alır. Bu əsərlər vasitəsilə tamaşaçılar xəttatlığın yalnız yazı texnikası deyil, həm də fəlsəfi və ruhani bir ifadə vasitəsi olduğunu daha dərindən hiss edə bilirlər. Əsrlər boyu Şərqdə həm elmə, həm də mənəviyyata xidmət edən bu sənət forması sözün estetik təqdimatı ilə seçilir. Mətnin forması, simvolikası və ruhu bu sənətin əsas dayaqlarındandır.

Gülümxan Bəydəmirin yaradıcılığı Azərbaycanın xəttatlıq irsini müasir dilə gətirir və bu sənətin beynəlxalq arenada tanıdılmasına öz töhfəsini verir. Onun əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və sənətşünaslar tərəfindən yüksək dəyərləndirilib.

İçərişəhərin tarixi atmosferində təqdim olunan “Hərflərin Sirri” sərgisi yalnız incə sənət nümunələri ilə deyil, həm də dərin mənəvi dəyərləri ilə diqqət çəkir. Ziyarətçilər burada həm sənət, həm də zamanla səyahət təcrübəsi yaşayacaqlar.

Sərgi 15–22 aprel tarixlərində ziyarətçilər üçün açıqdır.

Paylaş:
207

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər