Deputat: Fransa Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanmasını həzm edə bilmir | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Fransa Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanmasını həzm edə bilmir

15:25 - 07 / 01 / 2025
Deputat: Fransa Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanmasını həzm edə bilmir

“Azərbaycan Cənubi Qafqazın lideri və regionda söz sahibi olan dövlətdir”.

1news.az xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

"Dövlətimizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə bölgədə yeni reallıqlar yaradıb. Lakin müəyyən beynəlxalq dairələr Azərbaycanın işğalçı Ermənistan üzərində qələbə qazanmasını həzm edə bilmir. Bu baxımdan, Fransa “öndə” gedir. Bu ölkənin başçısı Makronun səfirlər konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlər də məhz onun uğurlarımıza qarşı qısqanclığının göstəricisidir”.

Deputat bildirib ki, Fransa prezidenti Makron Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsini hələ də qəbul etmək istəmir.

"Amma onun nə istəməsindən asılı olmayaraq, dövlətimiz öz gücünə beynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra edib. Lakin rəsmi Paris öz mövqeyi ilə əslində beynəlxalq hüquq normalarına hörmətsizlik edir. Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır".

Millət vəkilinin sözlərinə görə, özünü demokratiyanın beşiyi kimi təqdim etməyə çalışan Fransa bir sıra xalqlara qarşı müstəmləkə siyasəti həyata keçirir.

"Fransanın məkrli neokolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Parisin yanlış siyasətindən xəbər verir. Azərbaycan müstəmləkəçiliyə və neokolonializmə qarşı mübarizə aparan xalqları dəstəkləyir. Dövlətimiz bu mövqeyini bütün beynəlxalq platformalarda bəyan edib. Azərbaycan bu məsələdə prinsipial mövqe nümayiş etdirir və Fransanın müxtəlif xalqlara qarşı repressiv siyasətinə etiraz səsini ucaldır. Eyni zamanda, müstəmləkəçiliyə qarşı aparılan mübarizəyə siyasi və mənəvi dəstək verilir. Bakı Təşəbbüs Qrupunun yaradılması da bu məqsədə xidmət edir. Ona görə də, Fransa prezidenti Makron ölkəmizi əsassız olaraq ittiham etmək əvəzinə, ilk növbədə müstəmləkə altında saxladığı xalqlara qarşı repressiv siyasətə son qoymalı, həmin xalqların tələblərini yerinə yetirməlidir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər