“Üzr istəmək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar” - Deputatdan şərh
Artıq 2024-cü ilin bitməsinə son günlər qalıb.
Ancaq təəssüf ki, ölkəmizdə ilin son günləri olduqca faciəli bir hadisə ilə yadda qaldı. Belə ki, 25 dekabr 2024-cü il səhər saatlarında Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı istiqamətində uçan “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilotlar Rusiya ərazisində olan digər hava limanlarına enmək istəsə də, enişə icazə verilməyib. Pilotlar daha sonra Xəzər dənizinin üzərindən keçərək Qazaxıstanın Aktau hava limanının 3 kilometr yaxınlığında qəza enişi ediblər.
Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Hadisə nəticəsində onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda, dövlət başçısı dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
İstintaqın nəticələri hələ elan olunmasa da, şahidlərin ifadələri, təyyarədəki izlər, qəza zamanı salonda çəkilən kadrlar və istintaqın ilkin nəticələri təyyarənin Qroznı üzərində HHM vasitələrilə vurulduğunu və radio-elektron mübarizə vasitəsilə rabitə sisteminin tam iflic edildiyini təsdiqləyir. Bu real faktdır.
Bütün bunlara baxmayaraq, Rusiya tərəfindən hadisə ilə bağlı nə etiraf olunub, nə də Azərbaycandan üzr istənilib.
Belə hadisələr dünyanın bəzi yerlərində, həmçinin Azərbaycan ərazisində də baş verib. Belə ki, Azərbaycan 44 günlük müharibə zamanı gecə vaxtı heç bir işarə vermədən hərbi zonadakı mövqelərimizə yaxınlaşan Rusiya Federasiyasına məxsus helikopteri vurduqdan sonra bunu etiraf etdi, Prezident İlham Əliyev Vladimir Putinə zəng edib üzrxahlığını çatdırdı, cinayət işi açıldı və kompensasiya ödənildi.
Bəs görəsən, Rusiya Federasiyası tərəfindən bu məsələyə niyə rəsmi reaksiya verilmir? Nəyə görə yanlış iddialar irəli sürülərək hadisənin istiqamətini yayındırmağa cəhd edirlər?
Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib ki, başa çatmaqda olan il Azərbaycan üçün ən uğurlu illərdən biri olsa da, ili matəm içində yola salırıq.
O bildirib ki, təyyarəmizin Qroznı üzərində vurulması artıq şübhəsizdir.
“Əlbəttə, təyyarənin qəsdən vurulduğunu da iddia edə bilmərik. Amma istənilən halda bu, bütün xalqımız üçün böyük kədər və faciədir.
Rusiya rəsmilərinin davranışını qətiyyətlə pisləyən deputat deyib ki, baş vermiş faciənin təfərrüatlarını ən qısa zamanda açıqlayıb üzr istəmək və faciə qurbanlarının yaxınlarına ürək-dirək vermək əvəzinə Rusiya rəsmiləri açıqlama verməkdən yayınırlar.
“Düzdür, bəhanə edə bilərlər ki, hələlik istintaq başa çatmayıb. Amma bununla belə, Rusiya ən yüksək hakimiyyət səviyyəsində faciə qurbanlarının ailələrinin yanında olduğunu, onların kədərini bölüşdüyünü və təcili surətdə müvafiq tədbirlərin görüləcəyini bəyan etməli idi. Təəssüf ki, bu edilmədi. Xüsusilə zədə almış təyyarənin Xəzər dənizi üzərindən Aktau hava limanına yönləndirilməsi Rusiya dispetçerlərinin ən pis niyyətindən şübhələnməyə əsas verir".
“Bəlkə də təyyarəni yaxınlıqdakı hər hansı hava limanına sağ-salamat endirmək olardı” – deyə C.Feyziyev əlavə edib:
“Lakin mənə elə gəlir ki, burada təyyarənin məhz Çeçenistan üzərində vurulduğunu ört-basdır etmək cəhdləri olub. Ona görə də təyyarə Aktauya yönləndirilib və ola bilər düşünüblər ki, təyyarə dənizə düşərsə, raket zərbələrinin izləri uzun müddət aşkarlanmayacaq. Belə bir niyyət olubsa, bu daha böyük günahdır və bunu planlayanlar ən ciddi şəkildə cəzalandırılmalıdır”.