Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi gündəmin əsas mövzusudur | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi gündəmin əsas mövzusudur

19:52 - 19 / 12 / 2024
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi gündəmin əsas mövzusudur

“Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi gündəmin əsas mövzusudur.

Bu da təsadüfi deyil, çünki dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi. Azərbaycan Prezidenti, həmçinin Ermənistana və onun havadarlarına vacib mesajlar verdi”.

Bu fikirləri Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti müsahibədə ilk olaraq Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini xarakterizə edib. 2022-ci ilin fevralında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalandıqdan sonra əlaqələr daha da genişlənib. Dövlət başçısının dediyi kimi, bu Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də, Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.

Millət vəkilinin sözlərinə görə, Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən müstəqil aktor kimi qəbul edilir. Bu da Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin nəticəsidir. Məhz peşəkar diplomatiyanın nəticəsidir ki, Azərbaycan həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Cənab Prezidentin dediyi kimi, dünyada ikinci belə ölkə yoxdur. Təsadüfi deyil ki, Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Bütün bunlar müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.

Prezident İlham Əliyev müsahibəsində bəzi Qərb dövlətlərinin, xüsusilə ABŞ və Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən, bu ölkələrin Ermənistanı silahlandırmasının verəcəyi mənfi nəticələrdən də bəhs edib. Eləcə də, müsahibədə Azərbaycanla Ermənistan arasında sülh prosesi haqqında məlumat verilib. Dövlət başçısının fikirlərindən aydın olur ki, artıq sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Razılaşdırılmayan məqamlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməkdir. Ermənistan 30 illik işğal dövründə Azərbaycana böyük ziyan vurub. Torpaqlarmız azad ediləndən sonra dəymiş ziyanın hesablanması aparılıb. Prezidentin müsahibədə dediyi kimi, vurulmuş zərərin təhlili başa çatdırılıb. Dəymiş zərərin həcmi təxminən 150 milyard dollardan çoxdur. Digər razılaşdıırlmayan maddə isə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Həm də, bu missiya kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Ona görə də, rəsmi Bakı sərhəddə belə bir missiyanın mövcudluğunu yolverilməz hesab edir. Ermənistan anlamalıdır ki, onun sülhdən başqa çıxış yolu yoxdur.

S.Fətəliyeva onu da qeyd edib ki, Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, Azərbaycana qarşı beynəlxalq müstəvidə aparılan qərəzli kampaniyaların ifşa edilməsi baxımından da böyük önəm kəsb edir.

Paylaş:
247

Son xəbərlər

Bütün xəbərlər