“Natura” şirələri: Qabaqcıl texnologiya ilə təbii dadın birləşməsi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Natura” şirələri: Qabaqcıl texnologiya ilə təbii dadın birləşməsi - FOTO

11:33 - 18 / 12 / 2024
“Natura” şirələri: Qabaqcıl texnologiya ilə təbii dadın birləşməsi - FOTO

Yəqin, ölkə xaricində Azərbaycan istehsalı olan məhsullarla rastlaşanda hər kəsin içində bir doğmalıq hissi yaranır.

Növbəti addım isə, mütləq etiketini oxuyaraq o məhsulun hansı şirkətin istehsalı olduğu ilə maraqlanmaq olur. Sevindirici haldır ki, o etiketlərdə istehsalı Qəbələ Konserv Zavoduna məxsus “Natura” şirələrini görmək adi hala çevrilib.

Oradan başlayaq ki, “Natura” brendi 2011-ci ilin martında yaradılıb və qısa müddətdə yerli bazarın alkoqolsuz içkilər kateqoriyasında güclü mövqe əldə edib. Həm Tetra Pak, həm də şüşə qablaşdırmada təklif olunan meyvə şirələri alma, multimeyvə, ananas, albalı, nar, portağal, şaftalı, ərik, qarağat və tomat kimi 10 fərqli variantda istehlakçılara təqdim olunur. Təbii tərkibli “Natura” meyvə şirəsi və nektarları, qatılaşdırılmış meyvə şirəsi və ya püresindən hazırlanır.

“Natura” məhsulları yerli bazarda böyük tələbatla qarşılanmaqla yanaşı, MDB, Avropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə də ixrac olunur. Onu da qeyd edək ki, “Natura” şirələrinin istehsalçısı olan Qəbələ Konserv Zavodu müasir Avropa texnologiyaları ilə təchiz edilib və illik 320 min ton meyvə şirəsi, meyvə şirəsi konsentratı və sərinləşdirici içki istehsal gücünə malikdir.

İtalyanın Padovan və İsveçin Tetra Pak kimi müasir texnoloji avadanlıqları ilə təmin edilən zavod ekoloji tələblərə uyğun şəkildə məhsul istehsal edir. Bu, istehlakçıları keyfiyyətli məhsulla təmin etməklə yanaşı, həm də dövlətin və beynəlxalq təşkilatların müəyyən etdiyi xüsusi standartların tətbiqi deməkdir. Zavod istehsal və istehlak sahələrində təbii resursların qorunması, ətraf mühitin sağlamlığı və dayanıqlı inkişafın təmin edilməsini özünə missiya seçib. Belə ki, müəssisə müasir sənayenin və ekoloji siyasətin ən mühüm istiqamətlərindən biri kimi qablaşdırmada da təkrar emal texnologiyasından istifadə edir.

Ekologiyanın qorunmasına da xüsusi həssaslıqla yanaşan Qəbələ Konserv Zavodu müasir çirkab su arıtma sistemindən istifadə edir. Çirkab su arıtma sistemi vasitəsi ilə müəssisənin istehsalat suları kimyəvi və bioloji təmizləmə edilərək ekoloji normalar çərçivəsində su mənbələrinə axıdılır. Bu istiqamətdə zavodun bir çox ekoloji sertifikatları da mövcuddur.

“Qəbələ Konserv Zavodu” MMC, FSSC 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Sertifikatına sahibdir və müəssisədə “Natura” şirə və nektarlarının hazırlanması üçün yüksək keyfiyyətli və həssaslıqla seçilmiş, xüsusi analizlərdən keçmiş xammallardan istifadə olunur. Belə ki, istehsal olunan hər partiya “Natura” meyvə şirə və nektarlarından mütləq qaydada arbitraj nümunələri götürülərək saxlanılır, habelə istehsal prosesi zamanı prosedurlara uyğun olaraq davamlı keyfiyyət analizləri aparılır. Bütün istehsal prosesi təsdiqlənmiş qayda və prosedurlar əsasında yerli və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilir. Bundan əlavə, məhsullar satış nöqtələrinə göndərilməzdən əvvəl qida təhlükəsizliyi standartlarının tələblərinə uyğun şəkildə anbarda saxlanılır və bütün yoxlama mərhələlərindən uğurla keçdikdən sonra istehlakçıların istifadəsi üçün hazır hala gətirilir.

Qeyd edək ki, Qəbələ Konserv Zavodu regionun ən böyük meyvə şirəsi və sərinləşdirici içkilərini istehsal edən müəssisə olaraq Qəbələ rayonunda əhalinin işsizliyinin aradan qaldırılmasında da xüsusi rol oynayır. Belə ki, zavodda çalışan yerli əməkdaşların sayı 400 nəfərdən çoxdur. Həmçinin müəssisə hər il yerli fermerlərdən böyük həcmdə meyvə tədarük edir və bu yolla həm yerli tədarükçüləri, həm də onların yaratdığı iş yerlərini dəstəkləyərək sözü gedən bizneslərin davamlılığını təmin edir.

Reklam hüququnda

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər