Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb
Everest dağı haqqında sənədli film üzərində çalışan çəkiliş qrupu Ronqbuk mərkəzi buzlağında bir əsr əvvəl dünyanın ən yüksək zirvəsinə ekspedisiya zamanı yoxa çıxan britaniyalı alpinist Endryu Sendi İrvinin geyim əşyalarını aşkar edib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, “National Geographic” telekanalının məlumatına görə, alpinistin ayaqqabısı, əlcəkləri, habelə üzərində ad və soyadının baş hərfləri – “A.C” yazılmış corabı tapılıb. Bu əşyalar alpinist yoldaşı Corc Mallori ilə birlikdə itkin düşən İrvinin Everest zirvəsinin ətəyindəki Ronqbuk buzlağında olduğunu göstərir. Onun ortağının – Mallorinin cəsədinin qalıqları 1999-cu ildə həmin ərazidə aşkar edilib. Lakin İrvinin taleyi indiyədək naməlum olaraq qalır.
Bu tapıntı alpinizm tarixinin ən böyük sirlərindən birinə işıq sala bilər: İrvin və Mallori Everestin zirvəsinə çata bilmələri də tədqiqatçılar üçün maraqlı faktdır. Onlar ümid edirlər ki, tapılan qalıqların sonrakı tədqiqi İrvin və Mallorinin ekspedisiyasının son günlərinin sirrini açmağa və bəlkə də dünyanın ən yüksək dağının fəth tarixini yenidən yazmağa kömək edəcək.