“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir? | 1news.az | Xəbərlər
Futbol

“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?

17:08 - 19 / 09 / 2024
“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?

Bakının “Neftçi” komandası böhran içindədir və onun öhdəsindən heç cür gələ bilmir.

Azərbaycan Premyer Liqasının arxada qalan 6 turundan sonra qələbə üzünə həsrət qalan komandanın hesabında cəmi 4 xalı var ki, bu da onun turnir cədvəlində sondan əvvəlki pillədə qərarlaşması ilə nəticələnib. “Neftçi” bu baxımdan yalnız Gəncənin “Kəpəz” komandasını üstələyir ki, onun da vəziyyəti hamıya bəllidir.

Ötən mövsümü boşa verən komanda uzun müddətdən sonra ilk dəfə avrokuboklardan kənar qaldı. 2023-cü ilin yayında səs-küylü şəkildə baş məşqçi təyin olunan rumıniyalı Adrian Mutu mövsümün ortasında vəzifəsindən uzaqlaşdırıldı, onu əvəz edən Miodraq Bojoviç isə sələfindən yaxşı mənada fərqlənmədi və mövsüm başa çatdıqdan sonra yola salındı.

Mövsümün sonunda komandada da böyük struktur dəyişiklikləri baş verdi. Bildiyiniz kimi, “Neftçi”nin Müşahidə Şurasının sədri və onun faktiki rəhbəri Rövşən Nəcəf idi. Amma 2024-cü ilin martında Nəcəf AFFA prezidenti vəzifəsinə seçildikdən sonra bu post boş qaldı. 2024-cü ilin iyununda Müşahidə Şurasının sədri vəzifəsinə Hafiz Zeynalov təsdiqləndi. Bir il əvvəl istefaya göndərilmiş eks-prezident Kamran Quliyevin əvəzinə təyin olunan baş direktor Fərrux Mahmudov da 2024-cü ilin yayında komandanı tərk etdi.

Hazırda klubda rəhbər qərarların kim tərəfindən verildiyini söyləmək çətindir. Klubdan bildirilir ki, “Neftçi”nin rəhbərliyi Müşahidə Şurasıdır. Hələ 2023-cü ilin aprelində komandaya əcnəbi idman direktoru - isveçli Yens Andersson təyin edilmişdi. Ötən yay isə türkiyəli mütəxəssis Cenk Sümer “Neftçi”nin yeni baş direktoru oldu. Klubun yeni baş məşqçisi vəzifəsinə iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxardığı “Qəbələ”dəki fəaliyyətindən yaxşı tanıdığımız Roman Qriqorçuk təyin olundu. Komandanın heyətinə Azərbaycan millisinin futbolçuları Ramil Şeydayev və Emil Səfərov, habelə 6 yeni əcnəbi futbolçu cəlb edildi.

Amma “Neftçi” bu mövsümə də çox zəif başladı. Milli komandaların oyunları ilə bağlı ölkə çempionatına verilən fasilə də kömək etmədi. Artıq Roman Qriqorçukun başı üzərində qara buludlar dolaşmağa başlayıb. Klub rəhbərliyi də tənqid hədəfinə çevrilir. Komandanın artıq neçə illərdir böhrandan çıxa bilməməsi “Neftçi” azarkeşlərini hiddətləndirir. Bəs kimdir müqəssir?

1news.az bu məsələ ilə bağlı “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun və Sport24.az portalının baş redaktoru Ceyhun Əliyevin fikirlərini öyrənib.

Tahir Süleymanov

Tahir Süleymanov: Təəssüf ki, klubun belə çıxış etməsində təəccüblü heç nə yoxdur. Klubun işə bu cür həvəskar münasibət göstərməsi ilə komandanın indiki vəziyyətə gələcəyi gözlənilən idi.

Düzgün "diaqnoz" qoymaq üçün yalnız bu günü deyil, həm də bu dözülməz uğursuzluqlara səbəb olan səbəbləri təhlil etmək lazımdır. Çoxlu dəyişikliklər baş verib. Daha doğrusu, maraqlı tərəflərin manevrləri kluba mənfi təsir edir və onu məhv edir. Bu, artıq illərdir davam edir. İldən-ilə adlı-sanlı klub öz mövqeyini itirir. Əsl “Neftçi” azarkeşləri hiddətlənir, narazılıqlarını ifadə edir, futbol ictimaiyyəti də öz fikrini bildirir. Lakin hər şey əbəsdir!

Nəzərə alsaq ki, “Neftçi”nin maliyyə vəziyyəti ölkədə ən yaxşılardan biridir, belə aşağı səviyyədə çıxış etmək sadəcə biabırçılıqdır. Bütün bunların səbəbi klubun qeyri-peşəkar idarəçiliyində və işə münasibətindədir. Hər mövsüm heyəti tamamilə dəyişməklə layiqli nəticəyə və sabit performansa nail olmaq mümkün deyil. Bütün bunlar hər il on milyonlarla dollara başa gəlir. Bu pul hansısa özəl şirkətin və ya himayədarın deyil, dövlətin, xalqın pullarıdır. Bu illər ərzində “Neftçi”yə onlarla məşqçi, yüzlərlə əcnəbi futbolçu cəlb olunub. Bunlar sadəcə futbol səhvləri deyil, klub “funksioner”lərinin zənginləşməsinə xidmət edən tamahkar məqsədlərdir.

Bu cür şəraitdə mövsüm başlamazdan əvvəl hansı gözləntilərdən söhbət açmaq olar ki?! “Neftçi”də kosmetik yox, köklü dəyişikliklər baş verməlidir. Bu, ilk növbədə futbola və tarixə malik kluba münasibətdə olmalıdır. Səthi yerdəyişmələr növbəti dəfə vaxt qazanmağa, azarkeşləri və futbol ictimaiyyətini aldatmağa xidmət edir. Yaxşı çıxış etmək üçün komandaya layiqli futbolçular cəlb etmək, yerli istedadlar yetişdirmək və onlara inanmaq lazımdır. Peşəkarlıq, işə sevgi, cəmiyyət və xalq qarşısında məsuliyyət tələb olunur. Böyük futbol diletant yanaşmanı qəbul etmir!

Yəqin ki, öz fikrini bildirməyə, sevimli “Neftçi”yə lazım olan yolu göstərməyə mənəvi və faktiki haqqı olan nadir mütəxəssislərdənəm. Vaxtilə biz klubu qəbul edəndə komandanı sözün əsl mənasında bataqlıqdan çıxardıq və tamamilə yeni səviyyəyə çatdırdıq. Bu da özünü əldə edilən liderlikdə, qazanılan çempionluqlarda və kuboklarda göstərdi. Vaxt istəmədiyimizi nəzərə alsaq, bütün bunlar müstəsna səy tələb edirdi. Həmin vaxt bu, futbolu məhv edən bir çox futbol rəhbərlərinin xoşuna gəlməmişdi. Səbəb isə klubu müstəqil idarə etməyimizdə və heç kimin komandanın işinə qarışmasına imkan verməməyimizdə idi.

Bu qədər uğurlardan sonra klubdan ayrılarkən istədiyimiz tək şey “Neftçi”yə qarşı hücumların dayanması idi. Amma bu artıq keçmişdə qalıb, biz klubun gələcək inkişafı barədə düşünməliyik.

10 il ərzində kadr dəyişiklikləri etməklə komandanı məhv edirlər. Son 15-20 ildə AFFA ilə “Neftçi”nin sponsoru eyni şirkət - SOCAR-dır. Buna görə də şirkət rəhbərlərinin kluba təsiri çox böyükdür. SOCAR-ın və AFFA-nın rəhbərliyi dəyişsə də, “Neftçi”yə münasibət dəyişməz olaraq qalır.

Əvvəlki rəhbərlik bizə, “Neftçi”yə, futbola qarşı düşmənçilik edirdi – bu başa düşüləndir, bəs indiki rəhbərlik niyə eyni cür davranır?! Uğurlu nəticələri ilə “Neftçi”nin tarixinə düşmüş idarəçilər və mütəxəssislər indi də ölkədə yaşayırlar. Klubun ofisindən mənim evimə 10-15 dəqiqəlik yoldur, “Neftçi”nin ən uğurlu və titullu prezidenti Sadıq Sadıqov isə hələ də SOCAR-ın sisteminə daxil olan "Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəridir. Amma əvəzində xalqın milyonlarla pulu klubu bərbad hala salan xarici “xilaskarlara” və yerli işbazlara xərclənir. Nə qədər ki, “Neftçi”yə, klubu xarabalıqdan çıxaran insanlara qarşı belə münasibət var, komandanın uğursuz mövsümləri davam edəcək. Böhran maksimum 1-2 il davam edir. İndi baş verənlər isə “Neftçi”nin sistemli şəkildə məhv edilməsinə və bir qrup şəxsin zənginləşməsinə xidmət edir.

Vəziyyətdən çıxış yolu nədir? “Neftçi”də köklü ideoloji dəyişikliklər edilməli, İdarə Heyətinə layiqli kadrlar təyin edilməlidir. Hamı başa düşməlidir ki, əgər məşqçilər və futbolçular zəifdirsə, deməli, onları seçib dəvət edən klub rəhbərliyi səriştəsiz və qeyri-peşəkardır. Yalnız peşəkar münasibət “Neftçi”ni dirçəldə və geri qaytara bilər”.

Ceyhun Əliyev

Ceyhun Əliyev: “Ölkənin futbol ictimaiyyəti Roman Qriqorçukun işinə yaxşı bələddir. “Neftçi”nin büdcəsinin 6 il əvvəlki “Qəbələ”nin büdcəsindən aşağı olduğunu demək düzgün olmaz. Qriqorçukun zamanının keçdiyi ilə bağlı fikirlərlə də razı deyiləm. Həmişə bu fikirdə olmuşam ki, “illər ötür, amma istedad ölmür”.

Belə bir fikir də var ki, guya klub rəhbərliyi “Neftçi”nin uğur qazanmasını istəmir. Düşünürəm ki, ağlı başında olan hər kəs bunun cəfəng fikir olduğunu bilir, çünki heç kim su içdiyi quyuya tüpürməz.

Elə isə məntiqi bir sual yaranır: kimdir müqəssir? Təbii ki, adları çəkilən şəxslərin hər biri müəyyən məsuliyyət daşıyır. Amma məncə, bütün oxlar ifaçıları göstərir. Məşqçiyə “torba tikmək” sxemi Azərbaycanda çox məşhurdur. Qriqorçukun xarakteri bir o qədər də yumşaq deyil. Bu mütəxəssis ciddi nizam-intizamı sevir və futbolçularımız isə çətin ki, Roman İosifoviçin tələblərini bəyənsinlər. Bəlkə də mən səhv edirəm, heç kim məşqçinin “torbasını tikmək” istəmir. Amma bu vəziyyətdə belə bütün oxlar layiqli futbol göstərməyən oyunçulara tuşlanır. Görünən odur ki, yalnız bir çıxış yolu var: ya suyu bulandıranlara, ya da məşqçinin tələblərinə cavab verməyən futbol nümayiş etdirənlərə qapını göstərmək lazımdır. İndi klub rəhbərliyindən kimsə özündə cəsarət tapıb məşqçinin arxasında durduqlarını və ona qarşı çıxmaq istəyən hər kəsin komandadan uzaqlaşdırılacağını açıqlamalıdır.

“Neftçi”də məşqçilər əlcək kimi dəyişdirilir və əgər bu dəfə də oxşar qərar verilərsə, “ağ-qaralar” üçün bu futbol mövsümünü itirilmiş hesab etmək olar”.

Teymur Maqsudov

Paylaş:
1415

Son xəbərlər

Bütün xəbərlər