Norveçdə ilk dəfə elektrikli avtomobillərin sayı benzinlə işləyən avtomobilləri keçdi
Norveçdə elektrikli avtomobillərin sayı ilk dəfə olaraq benzinlə işləyən avtomobilləri keçib.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Norveç Yol Federasiyasının (OFV) yaydığı məlumatda qeyd olunub.
Ölkədə qeydiyyatda olan 2,8 milyon şəxsi avtomobildən 754 min 303-ü tam elektrikli, 753 min 905-i isə benzinlə işləyir.
OFV-nin verdiyi məlumata görə, dizel mühərrikli avtomobillərin də sayında azalma müşahidə olunur. Norveç Yol Federasiyasının direktoru Oyvind Solberg Thorsen, bu hadisəni "tarixi bir dönüş nöqtəsi" olaraq xarakterizə edib. O bildirib ki, 10 il əvvəl bu cür bir inkişafı çox az adam proqnozlaşdıra bilərdi.
Thorsen əlavə edib ki, Norveçdə şəxsi avtomobillərin elektrikləşməsi sürətlə davam edir və ölkə, dünyada elektrikli avtomobillərin üstünlük təşkil etdiyi ilk minik avtomobil parkına sahib ölkə olma yolunda irəliləyir. Bununla belə, hələ də ölkədə 1 milyon dizel avtomobilin olduğunu qeyd edən Thorsen, 2026-cı ildə elektrikli avtomobillərin dizel avtomobilləri də geridə qoyacağını proqnozlaşdırıb.
OFV-nin hesablamalarına görə, ölkədə şəxsi avtomobillərin sayı 2030-cu ilə qədər 3,1 milyona çatacaq.