“Elə bilirik ki, Əsgərana çatan kimi ürəyimiz partlayıb öləcəyik” - Xocalı şahidi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Elə bilirik ki, Əsgərana çatan kimi ürəyimiz partlayıb öləcəyik” - Xocalı şahidi - FOTO

Ayşən İsmayılova17:19 - 26 / 02 / 2024
“Elə bilirik ki, Əsgərana çatan kimi ürəyimiz partlayıb öləcəyik” - Xocalı şahidi - FOTO

1992-ci il fevralın 26-da törədilən və Azərbaycan tarixinə ən dəhşətli hadisələrdən biri kimi daxil olan Xocalı soyqırımında 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.

106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Xocalı sakinlərindən biri olan Tacirə Xəlilova yaşadıqları dəhşəti 1news.az-a danışıb.

"Mən Xəlilova Tacirə Qaçay qızı 1962-cü ildə Qərbi Azərbaycanın Əzizbəyov rayonunda doğulmuşam. 4 yaşımda Xocalıya köçmüşük və o vaxtdan Xocalıda yaşamışam.

Xocalımızın çox gözəl təbiəti var idi. Dörd tərəfdən hündür dağlarla əhatə olunmuşduq və hər iki tərəfdən çay axırdı. Çox xoşbəxt yaşayırdıq. Mən 1988-ci ildə ailə qurdum. Elə həmin ildən də düşmənlərimiz xoşbəxtliyimizə mane olmağa başladılar. 1988-ci ildən 1992-ci ilə qədər hər günümüz düşmənlər tərəfindən dəfələrlə atəşlərə məruz qalmaqla keçib. Mən çox qorxurdum. Güllə səsi eşidəndə dilim söz tutmurdu. Atam yoldaşımı məcbur elədi ki, qızımı buradan apar, o, çox stress keçirir. Mən getmək istəmirdim. Dedim, öləcəyiksə, bir yerdə ölək. Sizdən sonra yaşamağımın nə mənası var? Həyat yoldaşım Hüseynov Rəşid Hüseyn oğlu Xocalı aeroportunda polis idi. Yoldaşım işdə olurdu. Gecələr saat 3-4-dən sonra atışma başlayırdı. Uşağımın biri belimdə, biri qucağımda ayaqyalın qardaşımgilə qaçırdım. Biri 1,5 yaşında idi, biri də 2,5 yaş. Sonra fikirləşdim ki, mən uşaqlarımı da götürüb çıxım ki, yoldaşım bizə görə nigaran qalmasın, özünü rahat müdafiə edə bilsin. 1991-ci il, noyabrın 19-da yoldaşım və qardaşım məni vertolyotla Bərdəyə yola saldılar. Bərdə rayonunda baldızımgilə pənah gətirdim.

Həmin gecə Bərdədə idim. Səhər tezdən oyandıq, xəbər yayıldı ki, Xocalıya hücum olub. Mən o dərəcədə faciə baş verdiyini bilmədim. Ona görə ki, televizor xəbər vermişdi ki, basqın olub, 2 nəfər ölüb. Amma elə olmayıb. Dəqiqəbədəqiqə xəbərlər gəlirdi ki, bir nəfər belə ordan sağ çıxmayıb, hamı ölüb. Həmin gündən də körpələrimi qonşulara tapşırdım. Qohum-tanış - hamı Ağdama axın edirdi. Ağdamın küçələrində ayaqyalın, başıaçıq vəziyyətdə kimisi ölən yaxınlarının meyitini, kimisi yaralı gələnlərini, kimisi girov düşənlərini axtarırdı.

Fevralın 27-si mənim anam belində qardaşımın 23 günlük uşağı belində Ağdama gəlib çıxdı. Ancaq anamın heç kimdən xəbəri olmamışdı. Deyirdi, ayaqyalın, başıaçıq kənddən çıxdıq, oranı yandırmışdılar. Gecə səhərə kimi yol gəlmişdilər. Buz kimi çay, dağ-dərə, qarlı meşə, çovqun, dizdən qar... O vaxta kimi hamı bir yerdə yol gəlib. Sonra bir maşın keçib, o da gedib ermənilərə xəbər verib ki, insanların çoxu burdadır. Ona görə də Naxçıvan istiqamətində Şumluq deyilən yerdə insanların hamısını öldürmüşdülər. Həmin vaxt hamı qaçıb, ailələr bir-birindən ayrı düşüb. Anam danışırdı ki, uşaq belimdə 4 saat suyun, kol-kosun içində mühasirədə qaldım. Deyirdi, mən eşidirdim ki, ermənilər 70-80 nəfəri mühasirəyə alıblar. Anam ermənicə bilirdi deyə onların dediyini başa düşürdü. Yanında 10 qadın-uşaq, 2 əlitüfəngli oğlan olub. Anama deyiblər ki, gəl bu uşağı boğaq, onun səsini eşidib bizi əsir götürəcəklər. Hamı əsir düşməkdən qorxurdu. Ona görə də hamı son gülləsini özünə saxlayırdı ki, özümüzü öldürək, amma erməniyə əsir düşməyək. Anam razılaşmayıb ki, mən bu uşağın ata-anasına nə cavab verərəm? Deyir, uşağın bələyini açdım, yaş əsgisini çıxardım, təzədən bələdim, belimə bağladım. Uşağın ağlamağı dayandı. 4 saat mühasirədə qalandan sonra Ağdam tərəfdə atışma düşüb, daha sonra ermənilərin mühasirəyə aldığı həmin insanların hamısı mühasirədən çıxıb. Anam gələ bilib, ancaq nə atamdan, nə qardaşımdan xəbəri olmuşdu".

Tacirə Xəlilova ürək ağrısı ilə həmin gecə şəhid olan 5 doğmasından danışıb:

"Qardaşım Xəlilov Tahir Qaçay oğlu şəhid olmuşdu. O, özünümüdafiə batalyonunda hərbçi idi. O, 6 qızı yaşlı Həmayil ilə meşədə olanda arxadan – böyrəklərinin üstündən 4 güllə dəyib. Yerə üzüqoylu yıxılıb. Qızı da atasının yanında oturub. Xocalılar gəlib görüblər. Deyiblər ki, dur gedək. Tahir deyib, məni apara bilməyəcəksiniz, uşağı aparın, bizdən kim sağdırsa, ona verin. Həmayili atasından ayıra bilmirmişlər, çığırda-çığırda ayırıblar. O, atasının yerə düşən papağını götürüb başına qoyur, qucaqlayıb. Həmin vəziyyətdə də onları ayırıb, uşağı gətiriblər. Fevralın 27-si də qardaşımın meyitini Ağdama gətirdilər.

O vaxt atam Xəlilov Qaçayın 50 yaşı var idi. Yaşına baxmayaraq, bütün gün gecə səhərə qədər postları gəzirdi. Atama deyirdim ki, sən yaşlısan, qoy cavanlar çıxsın. Deyirdi, mən çıxıram ki, balalarım gecə rahat yatsın. Ancaq rahat yata bilmirdik. Camaat soyunub yatanda biz geyinib yatırdıq. Cibimə uşağın əmziyini, peçenyesini, sənədləri və toy qızıllarımı qoyurdum. Bilirdim ki, bizi nəsə gözləyir. Amma bu dərəcədə olacağını fikirləşmirdim. Atam isə meşədə hamıdan ayrı düşüb., böyründən yaralanıb. Bibimin yoldaşı ilə meşədə qabaqlaşıblar. Atama deyib, gəl bir az dincələk, gedərik. Atam razılaşmayıb ki, qabaqda atışma düşüb, birdən uşaqlara nəsə olar. Elə yaralı vəziyyətdə də 2-3 nəfərlə birlikdə girov düşüb. Atam erməni dilini bilirdi. Erməni avtomatı başına tutub, soruşub ki, səni öldürəkmi? Atam da cavab verib ki, onsuz da öldürmüsünüz. Məlumatımıza görə başından vurub öldürüblər.

Yoldaşım Hüseynov Rəşid Hüseyn oğlu Xocalı aeroportunda çalışırdı. Həmin faciədə ordan axırıncı çıxanlardan biri olub. O, qaça-qaça evlərinə gedib ki, görüm, ata-anamın başına nə gəlib. Görüb, heç kəs yoxdur, darvazaları da qıfıllıdır. Yolboyu ata-anasını axtara-axtara gəlib, görüb ki, anası ölüb, atasının da qıçına güllə dəyib. 6 yaşında Samir adlı uşaq qalıb atasının yanında. O, uşağı da götürüb, belinə şəlləyib ki, onu da xilas etsin. Ancaq iriçaplı güllə ikisini də şəhid edib. Qardaşımın həyat yoldaşı Zərifə 4 yaşlı qızı Lalə Şumluq adlı əraziyə gəliblər. İriçaplı güllə Zərifənin sinəsindən dəyib. Lalə elə bilib ki, anası yatır. ətrafdakı bütün paltarları anasının meyitinin üstünə yığırmış. Yaxınlıqda təpə var idi. İnsanlar təpənin arxasından nə qədər əl eləyib çağırıblar ki, uşaq ordan aralanıb yanlarına gəlsin, xeyri olmayıb. Körpə Laləni də qarnından güllələyirlər. Atam həmişə bizə deyirdi ki, müharibədə kişilər ölər. Ancaq körpələri, uşaqları, qocaları öldürdülər. Onlar qatildirlər. Bu qaniçənlər qabağına çıxan hamını öldürüb.

"Biz 31 il Xocalı həsrəti ilə yaşamışıq. Şükür ki, bu gün torpaqlarımız alınıb. Prezidentimizə çox minnətdarıq. Bizim heç bir ümidimiz yox idi ki, yenidən qayıda bilərik" - deyə T.Xəlilova əlavə edib:

"O torpaqlara şəhid qanı axmışdı. O torpaqlar alınmasaydı, şəhidlərimizin ruhu bizi bağışlamazdı. Xocalı işğaldan azad olunan gün sevinə bilmədik. Çünki həmin faciəni sanki yenidən yaşadıq. Yaralarımız qopub qanadı. Xocalı geri alınandan bəri fikirləşirik ki, biz o torpaqlara, xarabalığa çevrilən evlərimizə necə gedəcəyik? Biz hələ də qorxuruq. Elə bilirik ki, Əsgərana çatan kimi ürəyimiz partlayıb öləcəyik. Ona görə də Xocalıya gedən sakinlər özləri ilə bir çanta dərman, təzyiq aparatı götürür. Mən özümüzün və atamın dağılmış, viranqalmış ocağımızın videosunu görmüşəm. Bizim üçün çox çətindir. Amma ölsək də, gedib Xocalıda yaşamalıyıq. Ona görə ki, orada nə qədər şəhid qanı axıb. Bir ailədən 5 nəfər şəhid vermişəm. Bu mənim ən böyük faciəm olub".

Paylaş:
289

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər