“Prezident ADA Universitetində keçirilən forumda Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu vurğuladı” - Naqif Həmzəyev

“7-ci ADA Siyasi Forumu Azərbaycanın beynəlxalq siyasət və diplomatiya sahəsindəki mövqeyini gücləndirmək üçün mühüm platformadır”.
Bu fikri Milli Məclisin deputatı Naqif Həmzəyev 1news.az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbir, qlobal problemlərin müzakirəsi və onların həlli yollarının axtarışı üçün beynəlxalq ekspertləri və düşüncə mərkəzlərinin nümayəndələrini bir araya gətirir.
Forumun builki mövzusu “Yeni Dünya Nizamına Doğru” adlanır və burada qlobal geosiyasi dəyişikliklər, iqtisadi transformasiya və rəqəmsal inqilabın təsirləri kimi aktual məsələlər müzakirə olunur. Tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert və nümayəndə iştirak edir ki, bu da forumun beynəlxalq əhəmiyyətini daha da artırır.
Naqif Həmzəyev əlavə edib ki, bu forum Azərbaycanın beynəlxalq arenada dialoq və əməkdaşlıq üçün əhəmiyyətli bir mərkəz kimi tanınmasında mühüm rol oynayır:
“Forum, Azərbaycanın qlobal problemlərin həllində fəal iştirakını və beynəlxalq tərəfdaşlıqlarını gücləndirmək üçün mühüm vasitədir. Eyni zamanda, bu cür tədbirlər ölkənin intellektual potensialını nümayiş etdirir və gənc nəsillər üçün ilham mənbəyi rolunu oynayır”.
Deputat çıxışının sonunda Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlərə toxunaraq, onun bir sıra mühüm məsələləri gündəmə gətirdiyini vurğulayıb:
“Prezident İlham Əliyev ADA Universitetində keçirilən 'Yeni Dünya Nizamına Doğru' adlı beynəlxalq forumda çıxış edərək Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu vurğuladı. O, ölkəmizin Qoşulmama Hərəkatındakı mövqeyindən, Mərkəzi Asiya ilə qurulan möhkəm əlaqələrdən danışdı.
Prezident həmçinin Azərbaycanın iqtisadi gücü, enerji resursları və döyüş meydanında sübut olunmuş hərbi gücü ilə fərqləndiyini bildirdi. O, Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş ola biləcəyini və bu əməkdaşlığın bölgə üçün əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev çıxışında həmçinin Cənubi Qafqaz və regional layihələrə dair vacib fikirlər səsləndirdi. Azərbaycanın regionda əsas aktor olduğunu vurğulayaraq, bəzi qüvvələrin bölgədə ayırıcı xətlər çəkmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirdi.
O, ölkəmizin Mərkəzi Asiya və Avropa arasında əlaqələrin möhkəmlənməsində strateji tərəfdaşlıq sazişləri vasitəsilə mühüm rol oynadığını da qeyd etdi”.
Qeyd edək ki, bu gün Bakıda ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu keçirilir. Tədbirdə 44 ölkədən 80-dən çox beynəlxalq ekspert və beyin mərkəzlərinin nümayəndələri iştirak edir.