Vüqar Qurbanov: “Xaricdə çalışan həkimlərimizin ölkəyə qayıtması ilə bağlı xüsusi bir proqram tətbiq olunur”
"Xaricdə çalışan həkimlərimizin ölkəyə qayıtması ilə bağlı xüsusi bir proqram tətbiq olunur".
Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında 1news.az-ın əməkdaşının sualını cavablandırarkən deyib.
"Bu proqram iki ildən çoxdur ki, tətbiq olunur. Xaricdə təhsil almış və fəaliyyətlərini xaricdə davam etdirən həkimlərimizin ölkəyə geri döndükdən sonra maddi təminatının yaxşılaşdırılması ilə bağlı bir proqramdır. Artıq 200-ə yaxın həkimimiz bu proqram vasitəsilə ölkəyə geri dönüb".
V. Qurbanov deyib ki, gələn il ərzində Almaniyadan ölkəmizə qayıdan çoxsaylı həkimlərin şahidi olacaqsınız.
Bununla bağlı ciddi iş görülür. Biz artıq Almaniyada yaşayan nüfuzlu həkimlərimizin bir hissəsi ilə Azərbaycanda cərrahi xidmətlərin təşkili və regionlarda inkişafı ilə bağlı pilot layihəyə başlamışıq. Bu pilot layihənin rəhbəri Azərbaycanı xaricdə təmsil edən bir həkimimizdir. Onunla birlikdə Almaniyada çalışan çoxsaylı həkimlərimizlə danışıqlarımız olub. Ümid edirəm ki, gələn ilin sonuna qədər bütün bölgələrimizdə xaricdə oxumuş və çalışan həkimlərimizin fəaliyyətini təmin edə biləcəyik və bu, ölkəmiz üçün böyük bir uğur olacaq".