“İnsanlar ona görə cinayətə əl atırlar ki...” - Getdikcə artan qətllər, maddi acizlik və aqressiya - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

“İnsanlar ona görə cinayətə əl atırlar ki...” - Getdikcə artan qətllər, maddi acizlik və aqressiya - ŞƏRH

Ayşən İsmayılova09:12 - 01 / 11 / 2024
“İnsanlar ona görə cinayətə əl atırlar ki...” - Getdikcə artan qətllər, maddi acizlik və aqressiya - ŞƏRH

Kişi iki övladını bıçaqlayıb intihar etdi.

“Azərbaycanda dəhşət - Ər arvadını baltaladı”, “Kişi arvadını öldürüb intihar etdi”.

Hər biri bir-birindən dəhşətli olan bu cinayət xəbərləri cəmiyyətdə dərin təəssüf hissi doğursa da, qətllər çoxalmağa və şiddətini artırmağa davam edir.

Artıq vəziyyət o həddə çatıb ki, gözünü qan bürüyən bəzi “ata”lar öz körpə uşaqlarını, “övlad”lar isə valideynlərini tərəddüd belə etmədən həyatdan qoparır, üstəlik bunu böyük amansızlıqla edirlər.

Ən az qətllər qədər tükürpədici olan digər nüans isə qatillərin özlərinə bəraət qazandırmaq üçün öldürdüyü tərəfi müqəssir elan etməyi və ya sadəcə “peşmanam” deyib başını aşağı salmağıdır. Maraqlıdır, təqsirkara dilə gətirdiyi hansı səbəb 20 yaşlı Leylanın və 8 aylıq körpəsinin vəhşicəsinə öldürülməsinə görə haqq verə bilər? Qətlindən cəmi bir neçə dəqiqə əvvəl çıxdığı görüşdən qələbə ilə ayrılan, lakin qatili ilə mübarizəsində məğlub olan Turan Rüstəmovun nakam qoyulan həyatı ilə valideynlərinin ürəyinə çəkilən dağı hansı üzr silə bilər? Ümumiyyətlə, bu cinayətlərin altında hansı səbəblər yatır? Baltası və bıçağı iti, insanlığı isə korşalmış olan cinayətkarların qurbanı olmaqdan cəmiyyətimizi necə xilas etmək olar?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran psixoloq Nizami Orucov bildirib ki, əsas səbəblərdən biri basdırılmış hisslər, aqressiya, keyfiyyətsiz həyat və psixoloji vəziyyətdir.

“Münaqişə halı hər kəs arasında ola bilər. Amma səviyyə və dərəcələri vardır ki, bunlar da özlüyündə ailə mühiti, tərbiyə forması, dünyagörüşü, şəxsin özü haqqında təsəvvürü, psixoloji vəziyyətə əsasən formalaşır.

Çətin, problemli situasiyalar yaşandıqda bundan qurtulma forması və yanaşma tərzi insanın psixologiyasını, sağlamlığını əks etdirir. Qətl törədən, intihar edən insanlar hadisələrin kulminasiya nöqtəsinə gələnə qədər özünəməxsus psixoloji proseslərdən keçirlər. Əlbəttə ki, bu qərarı vermək asan deyil. Deməli, arxa planda mürəkkəb bir məsələ durur: Ətrafın təsiri, indiki yaşına qədər şəxsin yaşadığı həyat tərzi, keyfiyyəti, şəxsin həyatında ona olan örnək həyat, davranışlar, adət və vərdişləri, meyillilikləri”.

Psixoloq qeyd edib ki, cəmiyyətdə hazırda aktiv olan aqressiya və narazılıq halı bəzi insanlarda pik həddə tez çatır və bu cür böyük itkilərə gətirib çıxarır.

“Şəxsdən asılı olaraq cavabları dəyişən bir mövzudur. Ümumiyyətlə baxsaq, niyə çıxış yolunu öldürmək, ölməkdə görürlər deyə düşünsək, cavablar bu şəkildə ola bilər. Ən asanı özünü incidən şeyi ( bu özü də olsa) sonlandırmaq. Çünki bu ən asanıdır. Psixoloji dəstək almamaq və ya düzəlməyə çalışmamaq özünü və ya kimisə öldürməklə müqayisədə çox çətin və yorucudur. Enerji, əziyyət tələb edir.

Digər bir məqam isə, özündə problem olduğunu qəbullanmamaq və qurban rolunda qalmağı seçmək. Bundan əlavə, özünütəsdiq etmə cəhdi, güclü olmağı yanlış qavrama, gördüyünü tətbiq etmə ( ətrafda belə hadisələri görüb, bunu doğru hesab edib, eynisini etmək) və s. Hadisələrin baş verməsinə gətirib çıxaran səbəblərdəndir”.

N.Orucov maarifləndirmənin məsələnin həllində böyük rol oynadığını vurğulayıb.

“Maarifləndirmə işləri aparmaq və intihar hadisələrinin, qətl hadisələrinin yayılmasının qarşısını almaqda böyük rol onaya bilər. Ən əsası isə mövcud imkanlardan maksimum istifadə edərək, güclü və rasional maarifləndirmə işləridir”.

Fəlsəfə doktoru, sosioloq Mail Yaqub isə cinayətlərin artmasında 2 əsas səbəb olduğunu söyləyib:

“Ümumiyyətlə, cinayətlərin sayının çoxalmasının bir sıra səbəbləri var. Bunu cinayət sosiologiyası bölümündə araşdırırlar. Müasir dönəmdə cinayətlərin çoxalmasının əsas səbəblərindən biri cəmiyyətdə kapitalın, pulun, maddi təzahürlərin dəyərə minməsi və bunun nəticəsində bu maddi imkanları əldə edə bilməyən insanların acizliyidir. Yəni insanlar ona görə cinayətə əl atırlar ki, özlərini maddi imkan əldə etməkdə aciz görürlər. İkinci səbəb mənəvi dəyərlərlə bağlıdır. Bəzən böyük maddi imkanı olan insanlar da cinayətə əl atırlar. Ona görə ki onlarda mənəvi-əxlaqi durum zəifdir.

Bütün dünyada texnoloji inkişaf özünü göstərir. Amma insanların mənəvi dəyərlərə diqqəti yetərincə deyil. İnsanlar elə düşünürlər ki, təkcə maddi imkanlara sahiblənsək, hər şey gözəl olacaq və xoşbəxt olacağıq. Amma bu belə deyil. Bir müddət öncə Əhmədin ailə üzvlərini qətlə yetirməsinə şahid olduq. Xəbərlərdə oxuduq ki, həmin gəncin atası övladına yaxşı maddi şərait (müxtəlif qonaqlıqlar, məclislər, yeyib-içmələr və s.) yaradıbmış. Bəs nə çatışmırdı? Bizdə nə çatışmır? Nəyi övladlarımıza vermirik və yaxud az veririk? Bu həmin mənəvi məsələlərdir. Bu faktdır. Əxlaqın, mənəviyyatın gücü cəmiyyətdə nə qədər çoxalsa, hüququn yükü bir o qədər azalacaq”.

M.Yaqub problemin həllinə 2 aspektdən yanaşmağın önəmindən danışıb:

“Cinayətlərin qarşısını almağın 2 mühüm yolu var. Birincisi, iqdisadi inkişafdır. Əgər bir iş adamı min, 5 min, 10 min işçiyə iş yeri yaradırsa, əslində o, cəmiyyətdə bir o qədər cinayətin qarşısını alır. Çünki işsiz adamın cinayət törətmək imkanı çoxdur, nəinki işdə olan adamın. Demirəm, etmir. İşləyən insan da edə bilər, amma müqayisədə işsizlik cinayətə daha çox yol açır. Deməli, cinayətin qarşısını almağın birinci yolu işsizliyi aradan qaldırmaqdır. İkincisi, mənəvi məsələlərə diqqət ayırmaq. Yəni sosial şəbəkələrdə, efirlərdə mənəviyyat təlimləri çoxalmalıdır”.

Sosioloq son olaraq efir və sosial şəbəkələrin cinayətlərə zəmin hazırladığını söyləyərək narahatlığını dilə gətirib:

“Mən yüz faiz əminəm ki, Azərbaycan efirində, televiziyalarda bəzi verilişlərin və aparıcıların yüngül hərəkətləri və küçə danışıqları insanların psixologiyasının pozulmasında və cinayətlərin yaranmasında böyük rol oynayır. Buna heç kəsin şübhəsi olmasın. Çünki əxlaqsızlıq təkcə bizim təsəvvürümüzdəki cinsi əxlaqsızlıq deyil. Yüngüllük özü də əxlaqsızlıqdır. Əgər efirdə insanların ən çox baxdığı saatlarda aparıcılar, qonaqlar, sənət adamları küçə söhbətləri edirlərsə, bir-birinə yüngül atmacalar atırlarsa, heç şübhəsiz, bu, gənclərin əxlaqının pozulmasına böyük təsir edir.

Sosial şəbəkələr də efirlərdəki yüngüllüyün uzantısı və daha qatı formasıdır. Baxırlar ki, rəsmi efirlərdə yüngül hərəkət edənlərə cəza tətbiq edilmir, sosial şəbəkələrdə hərə bir səhifə açır, o cəzasızlıq mühitindən sui-istifadə etməyə başlayır. Biz sadəcə bunu deyib keçirik. Elə bilirik ki, bunlar nağıldır, amma nağıl deyil. Hələ cinayət olandan sonra başlayırıq bu barədə düşünməyə ki, haradasa səhv buraxmışıq”.

Kriminalist Şəmsəddin Əliyev isə məsələyə bir qədər fərqli şəkildə münasibət bildirib:

“Cəmiyyətin və dünyanın törədilə biləcək cinayətlərdən doymuş həddi yoxdur. Yəni bunun öncədən qarşısını almaq mümkünsüzdür. Sadəcə həyata keçiriləcək profilaktik və maarifləndirmə xarakterli tədbirlər nəticəsində cinayətlərin qarşısını bir qədər almaq mümkündür. Cəmiyyət varsa, cinayətkarlıq da kəmiyyət və keyfiyyət dəyişikliyi ilə mövcud olacaq. İnsan sosial varlıq olduğu üçün cinayətlərin törədilməsində ən öndə duran səbəblərdən biri sosial faktorlardır. Bu bütün dünyada belədir. Kimin iradə möhkəmliyi, özünü cilovlama imkanı varsa, o, sığortalanır. Kimin ki iradəsi zəifdir, qəlbində mərhəmət yoxdur, öz hərəkətlərini ölçüb-biçə bilmir, onun cinayət törətmək ehtimalı çoxdur”.

O, yaxın keçmişdə ölkəmizdə törədilmiş ən dəhşətli hadisələrdən biri olan Əhməd Əhmədov cinayətini xatırladıb:

“Əhməd 5 nəfərin ölümündə birbaşa müqəssirdir. Düzdür, ekspertlər 2 dəfə rəy veriblər ki, o, cinayətləri törədəndə anlaqlı olmayıb. Amma mən düşünürəm ki, anlaqsız olan şəxs belə davrana bilməz. Məhkəmə ekspertin rəyinə istinad edərək onu məcburi tibbi müalicəyə göndərdi. Amma müddəti göstərilməyib. Belə çıxır ki, 6 ay müddətində Əhməd orada sağala və azadlığa buraxıla bilər. Amma heç kim onun gələcəkdə törədə biləcəyi ağır əməllərdən sığortalanmayıb. Çünki o, iki nəfəri bıçaqla öldürdü. Anası və qardaşını evə göndərib, balta aldı. Fikir verirsiniz? “Başdanxarab” adam elə baltanı alıb onu satanı da vurardı da. Onun üçün nə fərqi var? Deməli, onun məqsədi var idi. Amma bu məqsədin arxasında nələr durduğunu araşdırmaq, təhlil etmək lazımdır. Bunu ona görə deyirəm ki, Əhmədin əməli və ona hüquqi qiymətin verilməsi kifayət qədər incələnməyib. Mütləq deyil ki, hakim hökm çıxaranda ekspertin rəyinə istinad etsin və ya ancaq onu əsas götürsün. Hakim yalnız o hallarda ekspertin rəyini əsas götürə bilər ki, yanaşı digər sübut növləri də var”.

Kriminalist son vaxtlar ailə üzvləri arasında qanlı şəkildə sonlanan münaqişələrə diqqət çəkib:

“Kişilər öz həyat yoldaşlarını qətlə yetirirlər. Elə bunun əksi də olur. Və ya qardaş bacısını qətlə yetirir. Düşünürəm ki, milli-mənəvi ənənələrimiz korroziyaya uğrayır. Peyğəmbərləri, alimləri dünyaya gətirən analarımıza, bacılarımıza, ümumiyyətlə, zərif cinsə qarşı bu şəkildə amansızlıq etmək milli-mənəvi dəyərləri anlamamaqdan irəli gəlir. Xatırladıram ki, ölkənin prezidenti andiçmə mərasimində qeyd etdi ki, Azərbaycan xalqının əsrlərboyu qoruyub saxladığı milli-mənəvi dəyərlərinə sadiq qalacaq və onun adət-ənənələrini daim uca tutacağam”.

Ş.Əliyev son olaraq tənqid və təkliflərini söyləyib:

“Cinayətləri doğuran səbəblər sosial faktorlardır. Məhkəmənin də hər hansı bir cinayətə görə qəbul etdiyi hökmün məqsədi sosial ədaləti bərpa etməkdən ibarət olmalıdır. Əgər hakimin hökmü ilə cəza tətbiq edilərkən sosial ədalət bərpa olunmursa, o sosial varlığa qarşı yeni bir dəhliz açılır. Yəni qisas almaq imkanı yaranır. Biz çalışmalıyıq ki, məhkəmə cəza tətbiq edərkən əmin olmalıdır ki, sosial ədalət bərpa olunacaq, baş verə biləcək təkrar cinayətlərin qarşısı alınacaq və müqəssir həbsxana şəraitində islah olunacaq. Etiraf edək ki, bizdə bu gün həbsxanalarda islah olunanlar da yoxdur.

Bu gün Azərbaycanda cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün kompleks yanaşma yoxdur. Sovet dövründə elmi-tədqiqat institutları vardı. Orada qəsdən törədilən cinayətlərin, qətllərin, soyğunçuluqların edilməsinə şərait yaradan səbəbləri öyrənirdilər. Onlar öz təkliflərini hökumətə ötürürdü, hökumət isə nəyi etmək lazımdırsa, icraya yönəldirdi. Bu gün bizim Azərbaycan Milli Elmlər Akademiyasında belə bir yer yoxdur. Buna görə də cəmiyyətdə belə cinayətlərin sayı çoxalacaq”.

Ümid və arzu edirik ki, psixoloq Nizami Orucovun təbirincə desək, mövcud imkanlardan maksimum istifadə edərək və güclü maarifləndirmə işləri apararaq bu qanlı statistikanı minimuma endirə bilərik. Çünki Məhəmmədhüseyn Şəhriyarın da dediyi kimi,

Bir insan köçürsə dünyadan əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda saysız diləklər,

Hər kiçik tabutda bir cahan gedir.

Paylaş:
166

Son xəbərlər

Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:13Bakıda sıxlıq olan küçə və prospektlər açıqlandı - SİYAHIBu gün, 09:11OCCRP - jurnalistika pərdəsi altında ABŞ-nin təbliğat aləti03 / 12 / 2024, 21:34
Bütün xəbərlər