Yollarda su altında avtomobillər: Sürücülər necə təzminat ala bilərlər? - Hüquqşünasdan İZAH | 1news.az | Xəbərlər
Reportaj

Yollarda su altında avtomobillər: Sürücülər necə təzminat ala bilərlər? - Hüquqşünasdan İZAH

Qafar Ağayev13:47 - 23 / 10 / 2024
Yollarda su altında avtomobillər: Sürücülər necə təzminat ala bilərlər? - Hüquqşünasdan İZAH

Son günlərdə, xüsusilə 21-22 oktyabr tarixlərində normadan artıq yağan yağışlar ölkənin bir çox bölgələrində olduğu kimi, paytaxt Bakıda da ciddi fəsadlara səbəb olub.

Paytaxt ərazisində yollar, tunellər, yaşayış sahələri su altında qalıb. Yüzlərlə avtomobil paytaxt yollarında yaranan gölməçələrdə və tunellərdə suya qərq olub. Hətta Sabunçu rayonu ərazisində yerləşən tuneldən keçməyə çalışan iki nəfərin avtomobilində problem yaranıb və tuneldə suyun səviyyəsinin sürətlə artması nəticəsində köməksiz qalıb, həyatlarını itiriblər. Bu hadisələr nəticəsində çox sayda avtomobilə ciddi ziyan dəyib.

Bəs kasko sığortası olmayan avtomobil sahibləri onlara dəymiş zərərlə bağlı təzminat ala bilərlərmi və bununla bağlı hansı addımlar atmalıdırlar?

Bu məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov bildirib ki, kasko sığortası olan şəxslər üçün proses daha sadədir:

“Hadisə qeydə alındıqdan və dəyən zərər qiymətləndirildikdən sonra sığorta şirkətindən təzminat tələb etmək mümkündür. Lakin kasko sığortası olmayan şəxslər zərəri bu işdə məsuliyyət daşıyan qurumlardan tələb edə bilərlər. Azərbaycanın Mülki Məcəlləsində bu barədə müvafiq müddəalar mövcuddur. Əgər şəxs ümumi istifadədə olan yolda hərəkət edərkən yolun vəziyyəti və infrastruktur problemi səbəbindən ziyana məruz qalırsa, zərəri həmin qüsurlara görə məsuliyyət daşıyan qurumdan tələb etmək hüququna malikdir. Yol Hərəkəti Haqqında Qanunun 6-cı maddəsində də bu məsələ öz əksini tapıb. Bu halda sürücülər hadisəni qeydə aldırmalı, Dövlət Yol Polisi əməkdaşları tərəfindən müvafiq akt tərtib edilməlidir. Daha sonra avtomobilə dəyən zərər müvafiq servislərdə qiymətləndirilməlidir".

Ərşad Hüseynov qeyd edib ki, hüquq-mühafizə orqanlarının araşdırması əsasında tuneldə, keçiddə və ya yollarda baş verən hadisəyə görə cavabdeh qurum müəyyən ediləcək:

“Cavabdeh qurum müəyyən edildikdən sonra zərərçəkmişlər həmin quruma müraciət edərək dəymiş zərərin ödənilməsini tələb edə bilərlər. Əgər hüquq-mühafizə orqanları tərəfindən cavabdeh qurum müəyyən edilməzsə, zərərçəkmişlər özləri araşdırma apararaq, vəkilə müraciət edə bilərlər. Birgə şəkildə və ya fərdi olaraq məsul quruma qarşı məhkəmə iddiası qaldırıla bilər. Belə iddiaların məhkəmədə uğur qazanma ehtimalı kifayət qədər böyükdür, çünki bu cür işlər üzrə məhkəmə təcrübəsi genişdir”.

Hüquqşünas bildirib ki, Azərbaycan məhkəmələrində yollardakı infrastruktur problemləri səbəbindən ziyana məruz qalmış sürücülərə dəymiş zərərin ödənilməsi ilə bağlı müsbət qətnamələr kifayət qədər çoxdur.

"Bu səbəbdən zərərçəkmiş şəxslərə peşəkar hüquqi yardım almaq tövsiyə olunur".

Paylaş:
1179

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər