İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTO | 1news.az | Xəbərlər
Reportaj

İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTO

09:48 - 23 / 09 / 2024
İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTO

Bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ərəfəsində 1news.az ictimaiyyətin bu məsələ ilə bağlı məlumatlılığını artırmaq məqsədilə silsilə məqalələr hazırlayır.

Daha əvvəl oxucularımıza iqlim dəyişmələrinin və qlobal istiləşmənin mahiyyəti, dünya ictimaiyyətinin bu mühüm ekoloji problemlə necə mübarizə aparması, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) çərçivəsində iqlim dəyişmələri ilə bağlı görülən işlər, qlobal təşkilatların COP ilə əməkdaşlığı, Paris İqlim Sazişi, dünyanın iqlim dəyişmələrinə necə uyğunlaşdığı, eləcə də enerji keçidinin əhəmiyyəti və icrası, həmçinin ölkələrin beynəlxalq öhdəlikləri və nailiyyətləri barədə bəhs etmişdik.

İqlim dəyişməsi problemləri hazırda bütün dünyanı narahat edir. Bir çox ölkələr qlobal istiləşmənin fəlakətli daşqınlar, quraqlıqlar, ekstremal temperatur kimi ciddi fəsadları ilə üzləşməkdədir. Bu çağırışlarla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyət BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının hər il keçirilən Tərəflər Konfransları (COP) vasitəsilə qüvvələri birləşdirir. Bununla belə, bu il Bakının ev sahibliyi edəcəyi COP29 xüsusi əhəmiyyət kəsb edir. Niyə? Çünki bu tədbir “COP üçlüyü”nə daxildir. “COP üçlüyü” BƏƏ-də keçirilmiş COP28, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 və Braziliyada baş tutacaq COP30-u əhatə edir.

“COP üçlüyü” nədir?

Bu, konfransa ev sahibliyi edən ölkələrə öz səylərini daha yaxşı koordinasiya etməyə və iqlim dəyişməsi ilə mübarizə üçün uzunmüddətli tədbirlər planlaşdırmağa kömək edən əməkdaşlıq formasıdır. “Üçlüy”ün yaradılması bir konfransda başlanmış işləri növbəti konfranslarda davam etdirməyə imkan verir. Həm BƏƏ, həm Azərbaycan, həm də Braziliya iqlim gündəliyinin ən yüksək səviyyədə müzakirə olunacağı konfransların keçirilməsini öz üzərilərinə götürür.

Tərəfdaşlıq çərçivəsində əsas diqqət Paris İqlim Sazişində müəyyən edilmiş məqsədlərə yönəldilir ki, bunlardan ən başlıcası temperatur artımını Sənaye İnqilabından əvvəlki səviyyə ilə müqayisədə 1,5 °C-dək məhdudlaşdırmaqdır. Son dərəcə iddialı bu vəzifənin öhdəsindən gəlmək üçün qətiyyətli addımlar və genişmiqyaslı dəyişikliklər tələb olunur.

Bu prosesdə COP29-un rolu nədədir?

Azərbaycan paytaxtının ev sahibliyi edəcəyi COP29 ekoloji konfransı ölkələrin Paris Sazişi çirçivəsində üzərilərinə götürdükləri öhdəlikləri əks etdirən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) növbəti mərhələsinin icrasında mühüm rol oynayacaq. Hər bir dövlət istilik effektiv yaradan qazların emissiyalarını azaltmağı, “yaşıl enerji”ni inkişaf etdirməyi və iqlim dəyişmələri ilə mübarizədə digər tədbirlər görməyi öhdəsinə götürür.

COP29-da ölkələr öz milli strategiyalarını nəzərdən keçirəcək, konkret addımları müzakirə edəcək və 1,5°C hədəfinə nail olmaq üçün yeni planlar formalaşdıracaq. Bu o deməkdir ki, konfrans iştirakçıları təkcə öz strategiyalarını təqdim etməyəcək, həm də daha təmiz enerji mənbələrinə keçidin sürətləndirilməsi üçün üzərilərinə məsuliyyət götürəcək. Gündəlikdə duran əsas məsələlər “yaşıl texnologiyalar”ın inkişaf etdirilməsi, enerji səmərəliliyinin artırılması, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin tətbiqi məsələləri olacaq.

Gələcəkdə “Üçlüyün” hansı faydaları olacaq?

COP28, COP29 və COP30 tərəfdaşlığı iqlim hədəflərinə nail olmaq üçün uzunmüddətli işə imkan verir. Bu, vacib əhəmiyyət kəsb edir, çünki hətta ən güclü ölkə belə qlobal problemləri təkbaşına həll etmək iqtidarında deyil. Məsələn, BƏƏ-də keçirilmiş COP28-də iqlim təşəbbüslərinin maliyyələşdirilməsi məsələləri artıq müzakirə olunub, Azərbaycanda isə bu dialoq ölkələrin öz NDC-ləri çərçivəsində ambisiyalarının stimullaşdırılmasına diqqət yetirməklə davam etdiriləcək.

COP30-a ev sahibliyi edəcək Braziliya əldə edilmiş tərəqqini qiymətləndirməyə və növbəti addımları müəyyən etməyə imkanı verən bu 3 illik dövrü başa vuracaq. İqlim gündəliyinin belə ardıcıl şəkildə idarə olunması təkcə qlobal dialoqa imkan verməyəcək, həm də qlobal istiləşmənin 1,5°C çərçivəsində məhdudlaşdırılması yolunda ölkələrin konkret nailiyyətlərini izləməyə şərait yaradacaq.

Bunun bizim hamımız üçün vacibliyi nədədir?

İqlim dəyişməsi hər kəsə toxunan problemdir. Dünya okeanının səviyyəsinin artması, güclü qasırğalar və ümumiyyətlə, hava şəraitinin dəyişməsi - bütün bunlar artıq həyatımıza, yeməyimizə və sağlamlığımıza təsirsiz ötüşmür. Böyük dövlətlərin hökumətləri strateji həllər işləyib hazırlayır, biz isə daha az enerji sərf etməklə, emissiyaları azaltmaqla və ekologiyanın xeyrinə şüurlu seçimlər etməklə onlara dəstək ola bilərik.

COP29 və “Üçlük” sadəcə diplomatik görüşlər demək deyil. Bu, planetimizi xilas etmək və bütün insanların, xüsusən də iqlim dəyişmələrinə ən həssas ölkələrdə yaşayanların həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımdır. Biz bu qlobal təhlükənin öhdəsindən yalnız birlikdə gələ bilərik.

2024-cü ildə dünyanın diqqəti Bakıya yönələcək. Bu konfransın iqlim dəyişməsi ilə mübarizədə və ölkələr arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsində mühüm mərhələyə çevriləcəyi gözlənilir.

Qeyd edək ki, 1news.az Bakıda keçiriləcək COP29 ərəfəsində əhalinin iqlim problemləri ilə bağlı maarifləndirilməsi məqsədilə materiallar dərc etməyə davam edəcək.

Bu məqalə hazırlanarkən rəsmi sənədlərdəki məlumatlardan istifadə edilib.

Leyla Məmmədova

Paylaş:
975

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər