Taksi sürücülərinin avtobus zolaqları ilə bağlı NARAZILIĞI - Ekspert, Bakı DYP və AYNA-dan ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Taksi sürücülərinin avtobus zolaqları ilə bağlı NARAZILIĞI - Ekspert, Bakı DYP və AYNA-dan ŞƏRH

Qafar Ağayev15:52 - 11 / 09 / 2024
Taksi sürücülərinin avtobus zolaqları ilə bağlı NARAZILIĞI - Ekspert, Bakı DYP və AYNA-dan ŞƏRH

Ölkəmizin paytaxtı Bakıda nəqliyyatın mobilliyini təmin etmək üçün bir sıra addımlar atılıb.

Bunlardan biri və ən önəmlisi avtobuslar üçün xüsusi zolaqların çəkilməsidir. Avtobus zolaqları şəhərin mərkəzində gedəcəyimiz yerə vaxtında çatmaq baxımından böyük önəmə sahibdir. Ancaq avtobus zolaqları bəzi sürücülər üçün problemə çevrilib, xüsusilə də qanuni fəaliyyət göstərən taksi sürücüləri müştərini düşürüb mindirməklə bağlı çətinlik çəkdiklərini bildirirlər. Belə ki, bununla bağlı bir neçə taksi sürücüsü 1news.az-a müraciət edərək bildiriblər ki, onlar xüsusilə də Şərifzadə küçəsində yeni avtobus zolağının çəkilməsindən sonra sərnişinləri mindirib düşürə bilmirlər. Avtobus zolağına girsələr 100 manat, avtobus zolağının yanındakı zolaqda saxlasalar da yenə də 100 manat cərimə olunacaqlar.

Bəs görəsən sürücülər və taksi gözləyən şəxslər necə etməlidir? Məsələnin həlli yolu nələrdir?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib ki, avtobus zolaqlarının, yəni ictimai nəqliyyat üçün nəzərdə tutulmuş bu xətlərin olması Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsinə dair Dövlət Proqramında da öz əksini tapıb.

Eldəniz Cəfərov

“Odur ki, bu zolaqlar olmalıdır. Sadəcə, zolaqlar çəkilərkən burada müəyyən nüanslar da nəzərə alınmalıdır. Biz bu gün şahid oluruq ki, avtomobil sürən şəxslər, əsasən də taksi sürücüləri sərnişini mindirmək və düşürməkdə çətinlik çəkirlər. Amma bunun da sadə çıxış yolları var. Sadə çıxış yollarından biri ondan ibarətdir ki, taksi sürücüləri müştəriləri parklanma yerləri olan ərazilərindən götürə və həmin ərazilərə endirə bilərlər. Eyni eyni zamanda sərnişinlər də taksi sifariş verərkən bu məqama diqqət etsinlər. Bu hələlik bizim özümüzün çarə qıla biləcəyimiz məsələlərdən biridir. Yəni bu sadə yolla bunu həll etmək mümkündür. Taksi dayanacaqları problemi bu günün deyil, çoxdanın problemidir. Bəllidir ki, vaxtilə Bakı şəhərində tikinti özbaşınalığı olub, piyada səkiləri, avtomobil yolları, hətta parklanma yerləri də zəbt olunaraq müxtəlif obyektlər tikilib. Bu məlumdur və indi də dayanacaqların yaradılmasında müəyyən çətinliklər var. Misal olaraq, metrounun "20 yanvar" stansiyasının ətrafını göstərə bilərik, orada demək olar ki, dayanacaq yaratmaq mümkün deyil”.

O deyib ki, avtobus zolağına keçidlə bağlı cərimələr çox yüksəkdir.

“Mən düşünürəm ki, 100 manat olduqca böyük məbləğdir. Sadəcə, biz avtobus zolaqlarından səmərəli istifadə edə bilərik. Bu avtobus zolaqları ictimai nəqliyyat üçün zolaq kimi nəzərdə tutulub. Orada qanuni qaydada çalışan taksilərin hərəkətinə şərait yaratmaq olar. Düşünürəm, bunun üçün taksi sürücüləri özləri ilk növbədə məsuliyyətli olmalıdırlar, qaydalara əməl etməlidirlər. Taksidə istismar olunan nəqliyyat vasitələrinin damında sarı rəngli taksi fənəri olmalıdır ki, Yol Patrul Xidməti əməkdaşları da taksini qeyri taksidən ayıra bilsinlər. Bu gün çox təəssüf ki, sürücülər özləri qaydalara əməl etmirlər, amma qayda-qanun tələb edirlər. Biz şəhərə baxanda görə çox az miqdarda taksilər var ki, onlar damında taksi, sarı rəngli taksi fənəri istifadə edir, digərləri istifadə etmir. Halbuki bu olmalıdır, məcburidir, fərqləndirən bir nişandır. Ən azından burdan başlamaq olar. Taksi sürücüləri bizim vətəndaşlarımızdır və imkan verməməliyik ki, xarici taksi şirkətləri gəlib ölkəmizdə, bizim vətəndaşlarımızı istismar etsinlər. Taksi sürücüləri özləri qayda qanunlara riayət etməklə, həm də öz hüquqlarını qorumuş olurlar. Biz də cəmiyyət olaraq, həmçinin dövlət qurumları da taksi sürücülərinin hüquqlarını qorumalı, həm də onlara şərait yaratmalıyıq. Ümid edirəm ki, taksi dayanacaqları ilə bağlı gələn ildən yeni layihələr olar".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib ki, mövcud qanunvericiliyin tələbinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün ayrılmış xüsusi zolaqlarda Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 48-ci maddəsində göstərilən müddəalar istisna olmaqla, digər hallarda hərəkət etmək, eləcə də dayanmaq və durmaq qadağandır.

Toğrul Nəsirli

“Bəzi avtobus zolaqlarında müddətlə bağlı əlavə məlumat lövhəcikləri mövcuddur ki, həmin lövhəcikdə qeyd edilən müddətlərdə zolağa daxil olmaq qadağandır. Göstərilən müddətlər istisna olmaqla, digər hallarda həmin zolağa daxil olmaq olar. Digər məsələ isə əlavə məlumat lövhəciyi olmadığı təqdirdə 24 saat ərzində həmin zolağa daxil olmaq qadağandır və qayda pozuntusu vizual olaraq yol patrul xidməti əməkdaşı və ya xüsusi texniki vasitənin köməyi ilə avtomatik rejimdə aşkarlanaraq sürücü barəsində inzibati protokol tərtib edilir”.

T.Nəsirli əlavə edib ki, Yol Hərəkəti Haqqında qanunun 48-ci maddəsinin IV bəndinə əsasən, 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır.

"Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır".

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib ki, avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Tural Orucov

“Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir. Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. Bakı şəhərində şəhərdaxili və şəhərətrafı marşrutlar üzrə sərnişin daşımalarında əsaslı keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədilə yeni marşrut şəbəkəsi hazırlanıb və yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq edilir.

Hazırda paytaxtın 26 küçə və prospektində uzunluğu 77 km-dən çox xüsusi hərəkət zolaqları təşkil edilib. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək. Növbəti mərhələdə daha 106 km avtobus zolaqları şəbəkəsinin təşkili nəzərdə tutulub. Zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır. Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Zolağa daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır”.

T.Orucov əlavə edib ki, taksi nəqliyyat vasitələrinin avtobus zolağından istifadə etməsi hazırda müzakirə olunmur.

“AYNA tərəfindən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı tədbirlər çərçivəsində Abbas Mirzə Şərifzadə küçəsində 4 km-dən çox hərəkət zolağı təşkil edilib. Gün ərzində bu küçədən 200-yə yaxın avtobus fəaliyyət göstərir və 155 mindən çox sərnişin daşınır.

“A.M.Şərifzadə küçəsi ilə kəsişən küçələrdə, eyni zamanda zolağın çəkildiyi əks istiqamətində parklanma yerləri mövcuddur. Küçə boyu yerləşən obyektlərə isə arxa küçələrdən yan almaq mümkündür.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik”.

Foto: Nadir İbrahimli

Paylaş:
1337

Son xəbərlər

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılıb - ŞƏRTLƏRBu gün, 18:41Azərbaycan və İran XİN rəhbərləri görüşüb, əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO - YENİLƏNİBBu gün, 17:59Haqsız rəqabətə görə 190 min manata yaxın cərimə yazılıbBu gün, 17:51Masazırda kişi qətlə yetirilibBu gün, 17:46Antalyanın kəndi dünya üzrə ən yaxşı turizm məkanlarından biri olduBu gün, 17:41Muxtar Babayev COP16-nın prezidenti ilə iqlimin maliyyələşdirilməsini müzakirə edibBu gün, 17:35Bakalavriat səviyyəsinə 7 yeni ixtisas əlavə edilibBu gün, 17:07Suraxanıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilibBu gün, 17:01Onlayn formatda Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilibBu gün, 16:38Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir - FOTOBu gün, 16:06Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılırBu gün, 15:53Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilibBu gün, 15:44Prezident Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİBBu gün, 15:34Qəza, nasaz avtomobillər - Yağışlı havada Bakı yollarında vəziyyət - SİYAHIBu gün, 15:16Dövlət qulluğuna qəbulun test mərhələsinin nəticəsi açıqlanıbBu gün, 15:06​​​​​​​Sumqayıtda 91 yaşlı qadın hündürlükdən yıxılaraq ölübBu gün, 14:49Naxçıvan Dövlət Universitetinə rektor təyin edilibBu gün, 14:26ASCO-nun bərə və Ro-Ro tipli gəmiləri ilə sərnişin biletlərinin qiyməti neçəyədir?Bu gün, 14:25Dövlət Başçısı El-Salvadorun Azərbaycandakı yeni səfirini qəbul edib - YENİLƏNİBBu gün, 14:00Leysan xarakterli yağış nə zamana qədər davam edəcək? - AÇIQLAMABu gün, 13:50
Bütün xəbərlər