Niyə COP29 dünya üçün böyük əhəmiyyət kəsb edir? İqlim dəyişmələri haqqında bilməli olduğunuz hər şey - FOTO | 1news.az | Xəbərlər
Köşə

Niyə COP29 dünya üçün böyük əhəmiyyət kəsb edir? İqlim dəyişmələri haqqında bilməli olduğunuz hər şey - FOTO

21:48 - 16 / 07 / 2024
Niyə COP29 dünya üçün böyük əhəmiyyət kəsb edir? İqlim dəyişmələri haqqında bilməli olduğunuz hər şey - FOTO

İqlim dəyişmələri probleminə həsr olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.

Dünyanın müxtəlif ölkələrindən ekspertlər dövrümüzün ən aktual problemlərindən biri olan iqlim dəyişmələrini və onun planetimizə təsirini müzakirə etmək üçün ölkəmizdə toplaşacaqlar. Onlar qlobal istiləşmə ilə bağlı problemlərin mümkün həll yollarını müzakirə edəcək, tədqiqat və təcrübələrini bölüşəcək, həmçinin bu prosesin fəsadlarını yumşaltmaq və yeni şəraitə uyğunlaşmaq üçün birgə strategiyalar hazırlayacaqlar.

Əminik ki, bu konfrans davamlı və ekoloji cəhətdən təmiz gələcəyə doğru mühüm addım olacaq. Hələlik isə bu mühüm tədbir ərəfəsində iqlim dəyişmələri və qlobal istiləşmənin mahiyyəti, bu problemin yaranma səbəbi və onun dünya üçün hansı mənfi fəsadlara yol aça biləcəyi barədə məlumatı oxucularımıza çatdırmaq istərdik.

İnsanlar iqlim dəyişmələrinə görə məsuliyyət daşıyırlar

İqlim dəyişmələri temperaturun və hava şəraitinin uzunmüddətli dəyişməsinə aiddir. Bu dəyişmələr təbii səbəbdən qaynaqlana - günəşin aktivliyinin dəyişməsi və ya böyük vulkan püskürmələri nəticəsində yarana bilər. Lakin 1800-cü illərdən başlayaraq insan fəaliyyəti, ilk növbədə, kömür, neft və qaz kimi qalıq yanacaqların yandırılması iqlim dəyişmələrinin əsas səbəbinə çevrilib. Qalıq yanacaqların yandırılması Yer kürəsini yorğan kimi əhatə edən, günəşin istiliyini saxlayan və temperaturu yüksəldən istixana effekti yaradan qazların yaranmasına səbəb olur.

İqlim dəyişmələrinə səbəb olan əsas istixana effektiv yaradan qazlar karbon və metandır. Bu qazlar, məsələn, avtomobil idarə etmək üçün benzindən və ya binaları qızdırmaq üçün kömürdən istifadə edərkən meydana gəlir. Torpaqların təmizlənməsi və meşələrin qırılması da karbon emissiyalarına səbəb ola bilər. Kənd təsərrüfatı və neft-qaz sənayesi metan emissiyalarının əsas mənbələridir. Enerji, sənaye, nəqliyyat, tikinti, kənd təsərrüfatı və torpaqlardan istifadə istixana effekti yaradan qazların emissiyalarına səbəb olan əsas sektorlardır.

İqlimşünaslar sübut ediblər ki, son 200 ildə baş verən qlobal istiləşmə tamamilə insan fəaliyyətinin nəticəsidir. Yuxarıda qeyd olunduğu kimi insan fəaliyyəti Yer kürəsini son iki min ildəkindən daha sürətlə isidən istixana effektiv yaradan qazların meydana gəlməsinə səbəb olur.

Yer səthinin orta temperaturu hazırda 1800-cü illərin sonlarında (Sənaye İnqilabından əvvəl) olduğundan təxminən 1,2°C yüksəkdir. Hazırda planetimiz son 100000 ildə olduğundan daha istidir. Son onillik (2011-2020) tarixdə ən isti onillik kimi yadda qalıb. Digər tərəfdən, son dörd onilliyin hər biri özündən əvvəlkindən daha isti olub.

Qlobal istiləşmə bəşəriyyət üçün hansı nəticələr doğura bilər?

Bir çoxları üçün iqlim dəyişmələri temperaturun yüksəlməsi deməkdir. Lakin temperaturun artması hələ yalnız başlanğıcdır. Yer kürəsi sistemində hər şey bir-birilə əlaqəli olduğu üçün bir sahədəki dəyişikliklər digər sahələrə də təsirsiz ötüşmür.

İqlim dəyişmələrinin fəsadlarına hazırda intensiv quraqlıqlar, su çatışmazlığı, güclü yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətə səbəb olan qasırğalar və biomüxtəlifliyin itirilməsi daxildir, lakin bu da hələ hamısı deyil.

İqlim dəyişmələri sağlamlığımıza, ərzaq məhsulları yetişdirmə qabiliyyətimizə, yaşayış yerlərimizə, təhlükəsizliyimizə və işimizə təsir edə bilər. Kiçik ada dövlətlərində və digər inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar iqlim dəyişmələrinə qarşı daha həssasdır. Dəniz səviyyəsinin qalxması və duzlu suyun əraziləri basması kimi hadisələr bütöv icmaların başqa yerlərə köçməsinə səbəb olub, uzunmüddətli quraqlıq isə insanları aclıq təhlükəsi ilə üz-üzə qoyur. Gələcəkdə hava şəraiti ilə bağlı məcburi köçkünlərin sayının artacağı gözlənilir. Aşağıdakı xəritədən də göründüyü kimi, əksər quru ərazilərdə temperatur artımı əksər okean ərazilərinə nisbətən daha sürətli olub, Arktikada isə istiləşmə əksər bölgələrə nisbətən daha sürətlə baş verir.

Bütün ölkələrdən koordinasiyalı fəaliyyət tələb olunur

ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) İqlim Proqnozlaşdırma Mərkəzinin 2023-cü il üzrə hesabatına görə, 2023-cü il müşahidələr tarixində ən isti il olub. Belə ki, iyul, avqust və sentyabr aylarında qlobal temperatur NOAA-nın müşahidələr tarixində ilk dəfə olaraq uzunmüddətli orta göstəricidən 1,0°C (1,8°F) yuxarı olub.

BMT-nin bir sıra hesabatlarında minlərlə alimin və hökumət ekspertinin gəldiyi ortaq rəyə görə, qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq bizə iqlim dəyişmələrinin ən pis fəsadlarından yayınmağa və həyat üçün əlverişli iqlimi saxlamağa kömək edəcək.

İqlim dəyişmələrinə səbəb olan emissiyalar dünyanın hər yerində baş verir, lakin bəzi ölkələrdə atmosferə buraxılan emissiyaların səviyyəsi daha yüksəkdir. Belə ki, 2020-ci ildə istixana effekti yaradan qazların ümumi emissiyasının təxminən yarısını 7 ən böyük emissiya istehsalçısının (Çin, Amerika Birləşmiş Ştatları, Hindistan, Avropa İttifaqı, İndoneziya, Rusiya Federasiyası və Braziliya) payına düşüb. İqlim dəyişmələri ilə mübarizədə hər kəs tədbirlər görməlidir, lakin ən böyük problemlərə səbəb olan ölkələrin ilk növbədə hərəkətə keçməsi tələb olunur.

Qeyd edək ki, 1news.az ictimaiyyətin bu problemlə bağlı məlumatlılığını artırmaq üçün iqlim dəyişmələri ilə bağlı silsilə materiallar hazırlayır.

Leyla Məmmədova

Məqalə hazırlanarkən Birləşmiş Millətlər Təşkilatının rəsmi internet saytından və Climate.gov saytından götürülmüş məlumatlardan istifadə edilib.

Bu məqalə rus dilində

Paylaş:
3459

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər