Binəqədi yolunun bitməyən tıxacı - Hansısa işlər görüləcək? - AYNA Sədrindən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədi yolunun bitməyən tıxacı - Hansısa işlər görüləcək? - AYNA Sədrindən AÇIQLAMA

Qafar Ağayev11:00 - 11 / 01 / 2025
Binəqədi yolunun bitməyən tıxacı - Hansısa işlər görüləcək? - AYNA Sədrindən AÇIQLAMA

Paytaxtın bir çox yerlərində nəqliyyat sıxlığının aradan qaldırılması üçün müxtəlif tədbirlər görülür.

Ancaq Azadlıq metrosu istiqamətindən Binəqədi qəsəbəsinə və əks istiqamətdə olan yolda hələ də sıxlığın aradan qaldırılması yönündə əhəmiyyətli işlər görülməyib. Binəqədi yolunun tıxacı, Bakıda şəhər nəqliyyatının ən ciddi problemlərindən biridir. Səhər və axşam pik saatlarında yolda yaranan sıxlıq, həm sürücülər, həm də sərnişinlər üçün narahatlıq yaradır. Bu problem əsasən əhalinin sıxlığı, yol infrastrukturunun məhdudluğu və ictimai nəqliyyatın effektivliyinin aşağı olması ilə bağlıdır. Tıxacların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi vacibdir. Eyni zamanda ərazidə digər marşrut xətləri üzrə avtobuslar yenilənsə də Mehdibad Gənclər şəhərciyi və Yasamal arasında fəaliyyət göstərən 165 nömrəli marşrut xəttində vəziyyət acınacaqlıdır desək, yanılmarıq. Sınıq-salxaq avtobuslarla fəaliyyət göstərən 165-də təmizlikdən, sanitariya qaydalarından danışmaq əbəsdir.

Ötən gün nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışı zamanı "Bakı şəhərində tramvay xətlərinin inşası ilə bağlı təhlillər aparmışıq və və bu xətlərin faydalı ola biləcəyi yerləri araşdırmışıq. Şəhər mərkəzində insanların hərəkəti üçün ən səmərəli vasitə metropolitendir. Tramvay Mehdiabad qəsəbəsindən Azadlıq prospektinə doğru , Binəqədidən keçməklə "28 may" metrostansiyasına qədər mümkün ola bilər” dedi.

Bəs görəsən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu sıxlığın aradan qaldırılması və 165 nömrəli marşrutda olan avtobusların yenilənməsi ilə bağlı hansısa tədbirləri görməyi planlaşdırırmı?

Məsəsələ ilə bağlı 1news.az-ın əməkdaşının sualını cavablandıran Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib ki, Binəqədi yolunda nəqliyyat axını ilə yol infrastrukturu arasında ciddi fərq var.

Anar Rzayev

“İnfrastrukturun buraxılış qabiliyyəti nəqliyyat axınından kifayət qədər azdır. Ona görə də ora tək tramvay, sürətli avtobus tətbiq etməklə məsələ həll oluna bilməz. Həmin əraziyə kompleks həll lazımdı. Biz də bu haqda araşdırmalar aparırıq, əlavə yolun çəkilməsi və s. həll yolları müzakirə olunur. Amma hazırda Binəqədi yolunda sıxlığın qaldırılması ilə bir cavab yoxdu. Rəhman müəllimin səsləndirdiyi tramvay məsələsi də ərazinin tramvay üçün ən uyğun üçündür. Amma bununla bağlı da hələki son qərar yoxdu. Digər ərazilərdə tramvay salınması çətindir, amma burada axın var, metro tikintisi çox çətindir, avtobusların gücü o qədər əhalinin daşınmasına çatmayacaq, ona görə də ola bilər ki, burada ortaq variant kimi tramvay istifadə edilsin. Amma hələki birmənalı qərar yoxdur.

165 nömrəli marşrut xəttində olan avtobusların yenilənməsi məsələsinə toxunan A.Rzayev deyib ki, bütün avtobusların yenilənməsi ilə bağlı AYNA-nın planı var.

“Amma yenilənməsi üçün də avtobusların gəlməsi lazımdır. Bu “Bakubus”un və özəl şirkətlərin avtobus alması nəticəsində baş verə bilər. Həm “Bakubus”a həm də digər şirkətlərə yeni avtobuslar daxil olanda müsabiqələr elan edirik. Əks halda marşrut xəttinin yenilənməsi olmur, köhnə avtobus elə eyni marşrutda qalır. Binəqədi istiqamətində yaxın müddət ərzində bir neçə marşrut müsabiqəyə çıxarılacaq”.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər