Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB

12:37 - 29 / 12 / 2024
Bakıda təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO - YENİLƏNİB

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib.

1news.az-a AZƏRTAC-a istinadən xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hadisə baş verən andan xalqımızın kədərə boğulduğunu deyib. Nazir belə bir çətin vəziyyətdə pilotlarımızın, təyyarə bələdçilərinin böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərdən biri kimi tanındığını, pilotların göstərdiyi şücaətin Azərbaycanın aviasiya tarixində silinməz iz buraxdığını diqqətə çatdırıb.

AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarəyə qeyri-qanuni güc təsiri olduğunu, nəticədə təyyarənin güclü xəsarət aldığını, onu idarə edən sistemlərin sıradan çıxarıldığını bildirib. O, baş vermiş hadisənin ölkəmizin pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğun olduğunu göstərdiyini bildirib. Vitse-prezident günahkarların tapılacağını və cəzalandırılacağını, hadisənin bütün detallarının araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini diqqətə çatdırıb.

Həlak olan ekipaj üzvlərinin yaxınları və onlarla birgə çalışan əməkdaşlar xatirələrini bölüşüblər.

Qeyd edək ki, həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir.

1news.az "Report"a istinadən xəbər verir ki, vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva bu gün II Fəxri xiyabanda torpağa tapşırılacaq.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər