Sevinc Fətəliyeva: 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir
“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlət başçısının imzaladığı sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir”.
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Cənab Prezidentin sərəncasmında vurğulandığı kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ilə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olundu. 2025-ci ildə Konstitusiyanın qəbul ediməsinin 30 ili tamam olacaq. Dövlət başçısının sərəncamı bu baxımdan da əlamətdardır.
Millət vəkilinin sözlərinə görə, sərəncamda vurğulandığı kimi 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alınaraq belə bir qərar verilib. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində konstition qquruluş və dövlət suverenliyi bərpa edilib.
“Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi göstərilir. 30 ildən artıq davam etmiş erməni işğalı suveren hüquqlarımızın ölkəmizin bütün ərazilərində tətbiqini mümkünsüz etmişdi. Torpaqlarımızın 20 faizə yaxınını 30 il ərzində işğal altında saxlayan Ermənistan beynəlxalq hüququ pozmuşdu. Müstəqillik dövründən indiyə qədər ölkəmiz bütün daxili, hərbi resurslarını bu problemin həllinə, Konstitusiya ilə bəyan edilmiş suveren hüquqlarımızın bərpasına səfərbər etdi. Bu mənada, Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan mübarizə həm də Konstitusiyanın müddəalarının bərpası uğrunda aparılan bir mübarizə idi. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrildi. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Qarşıdan gələn 2025-ci ilin Azərbaycanın inkişaf tarixində özünəməxsus yer tutacağına əminlik böyükdür. Bu mənada, Prezident İlham Əliyevin imzaladığı Sərəncam xüsusi əhəmiyyət kəsb edir. Suveren, bütöv Azərbaycanı yeni dövrdə yeni inkişaf mərhələsi gözləyir. Şübhəsiz ki, 2025-ci ildə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” yüksək səviyyədə qeyd olunacaq”, -deyə Sevinc Fətəliyeva vurğulayıb.