31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir | 1news.az | Xəbərlər
Köşə

31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

10:23 - 01 / 04 / 2024
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir

Azərbaycan xalqı son iki yüz il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinə məruz qalaraq öz tarixi torpaqlarından didərgin salınıb, qaçqın və məcburi köçkünə çevriliblər.

Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalıb.

AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun “31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir” sərlövhəli məqaləsini təqdim edir.

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi

Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərində - 1805-ci il mayın 14-də Qarabağ xanı İbrahim xanla çar Rusiyasının Qafqaz qoşunlarının baş komandanı general Sisianov arasında Kürəkçay müqaviləsi (“Andlı öhdəlik”) imzalanmışdı. Bu fakt onu göstərir ki, əgər ermənilər Qarabağ xanlığında yaşayıb vəzifə sahibi olsaydılar, general Sisianovla müqavilə Qarabağ xanı İbrahim xanla imzalanmazdı.

Bununla yanaşı, Qarabağ əhalisinin sayı və etnik tərkibi haqqında ətraflı məlumat verən, eləcə də mühüm sənəd hesab edilən çar məmurları Yermolov və Mogilyovski tərəfindən tərtib edilmiş “Qarabağ əyalətinin təsviri”nə görə, 1823-cü ildə Qarabağ əyalətində 20 min 95 ailə, o cümlədən 15 min 729 azərbaycanlı və 4 min 366 erməni ailəsi olmuşdur. Kürəkçay müqaviləsindən sonra yəni, 1823-cü ilə qədər Qarabağa köçürülən ermənilərin hesabına əyalətdə onların sayı artıb 4 min 366-ya çatmışdır. Tarixi faktlar göstərir ki, strateji baxımdan mühüm əhəmiyyətə malik olan Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə XIX əsrin əvvəllərində başlanmışdır. 1804-1813-cü, 1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrinin gedişində, həm də sonralar ermənilərin İran və Türkiyədən kütləvi surətdə Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artdı. Bunu Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədlər də təsdiq edir.

Bu faktları N.N.Şavrov belə təsvir edir: “1828-1830-cu illər müharibəsi qurtardıqdan sonra biz 40 mindən çox İran və 84 min Türkiyə ermənisini köçürüb onları, demək olar ki, ermənilər yaşamayan Yelizavetpol və İrəvan quberniyalarında, Tiflis, Borçalı, Axalsix, Axalkələk qəzalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirdik. Həmin ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahillərində məskunlaşdırıldılar. Bunu da nəzərə almaq lazımdır ki, rəsmi olaraq köçürülən 124 min ermənidən başqa, buraya qeyri-rəsmi köçənlərlə birlikdə onların sayı 200 min nəfərdən çoxdur”.

XIX əsrin sonu-XX əsrin əvvəllərində Cənubi Qafqaza ermənilərin köçürülməsi davam etdirildi. Təkcə 1896-cı ildən 1908-ci ilədək - 13 ildə Zaqafqaziyaya 400 min erməni köçürülmüşdü. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil və onlar buraya bizim tərəfimizdən köçürülmüşlər”.

Qeyd etmək lazımdır ki, ermənilərin kütləvi şəkildə Qarabağa köçürülməsi nəticəsində burada yeni erməni kəndləri – Marağalı, Canyataq, Yuxarı Çaylı, Aşağı Çaylı və s. kəndlər salınmışdı. Cənubi Azərbaycanın Marağa şəhərindən Qarabağın dağlıq hissəsinə köçürülərək orada məskunlaşan ermənilər 1828-ci ildən 150 il sonra, yəni 1978-ci ildə sovet dövründə, Ağdərə rayonunda həmin köçürülmənin şərəfinə abidə ucaltmış (abidənin üzərində ermənicə “Marağa-150” sözləri yazılmışdı), lakin XX əsrin 80-ci illərinin sonunda, yəni Azərbaycana qarşı ərazi iddiaları qaldırdıqları zaman həmin abidəni özləri məqsədyönlü şəkildə dağıtmışlar.

Bununla yanaşı, ermənilərin köçürülməsi hesabına İrəvan quberniyasında da demoqrafik vəziyyət dəyişdi. Ermənistan SSR-in Mərkəzi Statistika İdarəsinin 1962-ci ildə nəşr olunmuş statistik məcmuəsində göstərilir ki, 1831-ci ildə İrəvan şəhərinin 18 min 766 nəfər əhalisinin 15 min 992 nəfəri, 1866-cı ildə isə 27 min 246 nəfərdən 23 min 627 nəfəri azərbaycanlı olmuşdur (yəni əhalinin 85,2%-i). Erməni tədqiqatçısı Zaven Korkodyanın 1932-ci ildə İrəvanda nəşr olunmuş “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında da qeyd edilir ki, İrəvan quberniyasının İrəvan, Eçmiədzin, Yeni Bəyazid, Aleksandropol qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2000-i azərbaycanlılara məxsus olmuşdur. İrəvanda yaşayan 10 min nəfər əhalinin 7 min nəfəri azərbaycanlı olmaqla yanaşı, eləcə də xanlığı idarə edən 40 nəfərin hamısı azərbaycanlılar olmuşlar. 1920-ci ilədək İrəvan quberniyasında, xüsusilə İrəvan qəzasında azərbaycanlı əhalinin sayı xeyli çox olmuş, yəni qəzada olan 99 min nəfər əhalinin 62,6 min nəfəri (66%) azərbaycanlı, 36,4 min nəfəri (34%) isə erməni olmuşdur.

Erməni millətçiləri XIX əsrin sonunda – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratdılar. Bundan sonra, ermənilərin “böyük Ermənistan” yaratmaq iddiaları yeni mərhələyə qədəm qoydu. “böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyi ilə müxtəlif vaxtlarda türk-müsəlman əhalisinə qarşı dəhşətli terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparmışlar.

Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti

Ermənilərin köçürülmə prosesi bütün XIX əsr boyunca davam etdirilmiş və nəticədə regionda demoqrafik vəziyyətə təsir göstərmiş, nəticədə onların Cənubi Qafqazda süni surətdə çoxaldılması XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasətinin baş qaldırmasına səbəb olmuşdur. Erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Şuşada, Gəncədə, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadisələrindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. Eyni zamanda, V.Lenin tərəfindən 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azərbaycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çevrildi. 1918-ci ilin əvvəllərində Leninin himayəsi altında Şaumyan Bakı Kommunasının rəhbəri oldu.

Bu səbəbdən, 1918-ci ilin əvvəllərində, yəni mart qırğını ərəfəsində bilavasitə bolşevik maskası geyinmiş Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 10 minə yaxın idi. Şaumyanın başçılığı ilə 1918-ci ilin yazında ermənilər tərəfindən azərbaycanlılara qarşı əsl soyqırımı törədildi. Belə ki, həmin il martın 30-da silahlı daşnaklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter aldı. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılmış, eləcə də xüsusi işgəncələrlə və amansızlıqla öldürülmüşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, onlardan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi erməni vandalizmini təsdiqləyən faktlardır. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yetirilmişdir. Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Eyni zamanda, 1918-1920-ci illərdə indiki Ermənistan Respublikasının ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yaxud doğma torpağından didərgin düşmüşdür. Bu rəqəmi Z.Korkodyan özünün “Sovet Ermənistanının əhalisi 1831-1931” kitabında təsdiq edərək yazır: “1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qaçqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur”.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. 1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmiədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilmiş, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilmişdir.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmişdir. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fövqəladə Təhqiqat Komissiyası yaradılmış və ermənilərin törətdikləri cinayətlər araşdırılmağa başlanmışdır. Hökumətin qərarı ilə hər il (1919-cu və 1920-ci il martın 31-də Ümummilli Matəm Günü kimi qeyd edilmişdir) mart ayının 31-nin Matəm Günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermədi.

Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən regionda mövcud olan geosiyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Beləliklə, 1918-ci ildə Azərbaycan torpaqlarında – keçmiş İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaradıldı.

Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-ə daxil etməyə nail oldular. Bununla da, Naxçıvanın Azərbaycandan ayrı salınması və quru əlaqələrin kəsilməsi baş vermişdir. Sonrakı dövrlərdə isə ermənilər Ermənistana verilmiş Zəngəzurda və digər ərazilərdə də tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Hər üç Cənubi Qafqaz Respublikasının müstəqilliyinin itirilməsi ərazi-sərhəd məsələlərinin qoyuluşunun özünü mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması Qarabağ məsələsini gündəlikdən çıxarmadı.

Sovet dövründə - 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçu və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haq-qında” qərarına əsasən 1948-53-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və onun ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 150 minə yaxın soydaşımız zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Nəticədə, Ermənistan SSR hökuməti SSRİ rəhbərliyindəki himayədarlarının köməkliyi sayəsində 1948-1953-cü illərdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldu. Xaricdən gətirilən ermənilər isə repatriasiya adı ilə Ermənistan SSR-dən planlı şəkildə deportasiya edilən azərbaycanlıların yaşayış üçün hər cür şəraiti olan evlərində yerləşdirildilər.

XX əsrin sonunda Ermənistanın etnik təmizləmə və soyqırımı cinayətləri

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. 1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər keçən dövr ərzində get-gedə kəskinləşən münaqişəni nizama salmaq mümkün olmadı. Əksinə, keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən himayə edilən ermənilər Azərbaycana qarşı ərazi iddialarını irəli sürərək açıq-aşkar işğalçılıq siyasəti yeritmiş, nəticədə dinc sakinlər həlak olmuş, yaşayış məntəqələri dağıdılmış, talan edilmiş və yandırılmışdır.

Eyni zamanda, 1988-ci ilin sonunda Ermənistanda genişmiqyaslı etnik təmizləmə – azərbaycanlıları tarixən yaşadıqları torpaqlardan təmizləmək cinayətini həyata keçirdilər. Belə ki, keçmiş SSRİ rəhbərliyinin himayəsi ilə Ermənistan tərəfindən 1988-1989-cu illərdə azərbaycanlılar yaşayan 22 rayonda 170 təmiz və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri boşaldıldı. 1991-ci il avqustun 8-də Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi olan Nüvədidən də azərbaycanlılar zorakılıqla qovuldu. Ümumiyyətlə, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində indiki Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təxminən 250 mindən çox azərbaycanlı tarixi torpaqlarından təcavüzə məruz qalaraq qovuldular.

Ermənistanın bu hərbi təcavüzü nəticəsində 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Xocavənd, Meşəli, Cəmilli, Umudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz yandırıldı, dağıdıldı və talan edildi. Minlərlə mülki əhali isə soyqırımı və təcavüzə məruz qalaraq doğma yurdlarından didərgin düşdü. Ümumilikdə 1988-1991-ci illər ərzində Yuxarı Qarabağda ermənilər tərəfindən 514 nəfər azərbaycanlı qətlə yetirilmiş, 1318 nəfər yaralanmışdı. 1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca Yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevralın 10-11-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu, əhalisi etnik təmizləmə və soyqırımına məruz qaldı.

1992-ci il fevralın 13-17-də isə erməni silahlı dəstələrinin və terror qruplarının Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücumu zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürülmüş, kəndin Bəylik bağı adlanan yerində 33 nəfər ermənilər tərəfindən güllələnmiş, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək basdırıblar. Əsirlərin bir hissəsi Qaradağlı-Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində maşınlardan düşürülərək hamının gözü qarşısında güllələnib. Daha sonra 2 nəfər Zəki bulağında, 2 nəfər Cəmiyyət kəndində öldürülüb. Əsirlikdə olan 68 nəfər kənd sakininə ermənilər əzab və işgəncələr verərək onları amansızlıqla qətlə yetiriblər. Ümumilikdə Qaradağlı kəndində qətlə yetirilənlərdən 20-si 10-12 yaşına qədər uşaq, yarıya qədəri isə qadınlar olub. Əhalisi ermənilər tərəfindən əsl soyqırımına məruz qalmış bu kənddə 91 nəfər, yəni kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı törədərkən 111 nəfəri Xocalıda, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş Xocalı sakinlərini təqib edərək 16 nəfəri Kətik meşəsində, 130 nəfəri Naxçıvanik yolunda, 23 nəfəri Qaraqaya ətrafında, 23 nəfəri Dəhraz kəndi yaxınlığında, 8 nəfəri Şelli istiqamətində, 6 nəfəri Əsgəran asfalt yolunun 86-cı kilometrində və s. yerlərdə, əsir götürülənlərdən 18 nəfərini isə Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verərək xüsusi amansızlıqla qətlə yetirmişlər. 1992-ci il fevralın 26-da bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

Günahsız mülki əhalini özünə hədəf seçən Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayət əməli təsadüfi xarakter daşımır, belə əməllərin törədilməsi sistemli xarakter daşıyır və cinayətkar Ermənistan həm işğal zamanı, həm də işğalın davam etdiyi 30 ilə yaxın müddət ərzində mütəmadi olaraq cəbhəyanı ərazilərdə Azərbaycan vətəndaşı olan mülki əhalini, əsasən də qadınları və azyaşlı uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdir. Qeyd etmək lazımdır ki, Xocalı soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməlidir. Xocalıda öldürülən 613 nəfər dinc sakindən 63-ü uşaq idi. Bu kütləvi qırğın, vandalizm aktı zamanı 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 56 nəfər diri-diri yandırılmışdır. Qeyd etmək lazımdır ki, Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir və bu soyqırımı beynəlxalq cinayət kimi qəbul edilməli, insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilməlidir.

Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq hüquqa görə soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilmiş və 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” Konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Azərbaycan Respublikası 31 may 1996-cı ildə adıçəkilən Konvensiyaya qoşulmuşdur.

XX əsrin sonunda Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Fərmanda vurğulanır ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edir. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu fərmanlar təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də erməni şovinizmi və terrorizminin ifşa olunması baxımından da əhəmiyyətlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncamda deyilir: “Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və tarixi ədalətin bərpası

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını tamamilə dağıtmış oldu. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.

Nəticədə Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir, xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək və biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Bu baxımdan qeyd etmək lazımdır ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi informasiya savaşında da uğurlarımızı şərtləndirirdi və tarixi Qələbəmizin əsası qoyuldu. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bugünkü Azərbaycanın, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasında olduğunu, həmçinin bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başladığımızı xüsusi qeyd edərək müasir tariximizin yeni dövrünün də məhz sentyabrın 20-dən (2023-cü il – E.Ə.) sonra başladığını diqqətə çatdıraraq vurğuladı ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi.

Prezident İlham Əliyev hələ 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirmişdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”. Hər zaman, xüsusilə, Münxen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi, Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan apardığı lokal antiterror tədbirləri nəticəsində həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edərək Cənubi Qafqaz regionunda sülhün bərqərar olması üçün əsaslı zəmin yaratdı. 2023-cü il oktyabrın 15-i daha bir şərəfli gün kimi tarixə düşdü. Ali Baş Komandan, Prezident İlham Əliyev Ağdərədə, Xocalıda, Əsgəranda, Xocavənddə və Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Ali Baş Komandan, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən çıxışanda demişdir: “Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir”.

Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra əzəli torpaqlarını işğaldan azad etməklə yanaşı, 100 il əvvəl – 1923-cü ildə Qarabağda məqsədli şəkildə pozulmuş inzibati-ərazi bölgüsünü də yenidən təmin etdi. Azərbaycan Prezidentinin 2021-ci il iyulun 7-də imzaladığı Fərman əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalət bərpa edilmiş oldu.

Nəticədə, İkinci Qarabağ müharibəsi son yüz ildə Zəfər və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mühüm tarixi hadisənin əhəmiyyətini xüsusi vurğuladı: “Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident İlham Əliyev bildirdi ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.

1919-cu ildən 104 il sonra - 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində keçirilən və Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Azərbaycanın hərb tarixinə də şərəfli bir gün kimi yazıldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbi paradda çıxış edərək bildirdi ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu quruculuğu birinci nömrəli vəzifə idi. Əziz şəhidlərimizin xatirəsinin bizim qəlbimizdə əbədi yaşayacağını və bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdiyimizi vurğulayan Prezident İlham Əliyev demişdir: “XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin”.

Paylaş:
3062

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər