Nigar Məmmədova: “Azərbaycan gəncləri öz cəsarəti, vətənpərvərliyi ilə seçilir”
Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
2 fevral 1997-ci ildə imzalanmış Sərəncama əsasən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü qeyd edilir.
Ümummilli lider hər zaman Azərbaycan gəncliyinə inanırdı. O, gənc nəslə xitabən deyirdi ki, “müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”
Azərbaycan gənclərinin vətənə sədaqət, milli-mənəvi dəyərləri qorumaq ruhunda tərbiyə edilməsi də Ulu Öndərin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də gəncliyə böyük etimad göstərir. Gənclərimiz yüksək intellektə, müasir dövrün texnoloji imkanlarından düzgün və çevik istifadə etmək bacarığına malikdir. Azərbaycan gəncləri artıq bütün dünyada öz cəsarəti, vətənpərvərliyi ilə seçilir. Biz bunun ən parlaq nümunəsini 44 günlük Vətən müharibəsində gördük. Minlərlə gəncimiz müzəffər ali baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə iradəsini, gücünü dünyaya bəyan etdi. Bir sözlə, əsas missiyanı məhz ali baş komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdi. Tarixi zəfərimiz bir daha sübut etdi ki, mübariz Azərbaycan gəncliyi ərazi bütövlüyümüzün, sərhədlərimizin müfadiəsi uğrunda canını fəda etməyə hazırdır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, heç vaxt Qarabağı görməyən, amma Qarabağ uğrunda, Vətən uğrunda ölümə getməyə hazır olan gənclər yetişib.
Vətən müharibəsi dövründə gənclərimiz həm də informasiya müharibəsinin fəal işçtirakçısı kimi düşməni zərərsizləşdirməyə nail oldu.
Məhz birgə səylər nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi.
Dövlətin gənclərə dəstək və diqqətinin nəticəsində Azərbaycan gəncliyində özünə, istedadına inam hissi artıb. Gənclərin idarəçilik sisteminə cəlb olunması, liderlik bacarıqlarının inkişaf etdirilməsi üçün davamlı layihələr həyata keçirilir. Azərbaycan gənclərinin fəaliyyətinin stimullaşdırılması, onların elmi və yaradıcılıq potensialının düzgün yönəldilməsi məqsədi ilə Dövlət proqramları icra olunur. Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Məhz bunların nəticəsidir ki, gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal rol oynayır, bütün sahələrdə ölkəmizi uğurla təmsil edirlər.
Prezident sərəncamı ilə təsis edilən və uğurla reallaşan "Yüksəliş" müsabiqəsi də istedadlı kadrların seçilməsinə, özlərini idarəçi kimi inkişaf etdirmək istəyən şəxslərə imkanlar yaradır.
Gənclər siyasətinin mühüm istiqamətlərindən biri də könüllülük siyasətidir. Minlərlə gəncimiz könüllüluk hərəkatına qoşularaq, cəmiyyətin inkişafına töhfə verir, eyni zamanda böyük təcrübə toplayır, mürəkkəb vəziyyətlərdə çevik qərarlar vermək bacarığı qazanırlar. Bu gün Azərbaycan gənci heç bir maddiyyat gözləmədən könüllülük hərəkatına qoşularaq cəmiyyətin bütün sahələrinə öz töhfəsini verir. Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə, xidmət müəssisələrində biz könüllülərimizin səmərəli fəaliyyətini görürük. Ötən ilin noyabrında ölkəmizin ev sahibiyi etdiyi COP29 iqlim konfransında da gənc könüllülərimiz fəallığı ilə əsl nümunə sərgilədirlər.
Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra qalib ölkənin vətəndaşı kimi gənclərimizin qarşısında yeni vəzifə və hədəflər müəyyənləşib. Prezident İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə də söylədiyi kimi, “gənclər milli ruhda tərbiyə almalı, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdır. Heç kimin təsiri altına düşməməli, müxtəlif vədlərə aldanmamalıdırlar”.