“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova
Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım günündə böyük şəxsiyyətin əziz xatirəsini dərin ehtiram hissi ilə yad edir.
Ümummilli lider taleyini Azərbaycanın taleyindən ayırmırdı, ömrünün mənasını xalqa xidmətdə görürdü.
1news.az xəbər verir ki, bu sözləri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
Məhz Ulu Öndərin qətiyyəti və iradəsi sayəsində müstəqilliyin ilk illərində ölkəmizdə mövcud olan bütün təhlükələrin qarşısı alındı, gələcək inkişafın strateji hədəfləri müəyyənləşdi. 1993-cu ilin iyununda xalqın təkidli tələbi ilə ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu təmin olundu. Yeni tarixi şəraitdə bir daha Heydər Əliyev müdrikliyi zamanı qabaqladı və Azərbaycanın istiqlal yolunda yeni səhifə açıldı. Beləliklə, Azərbaycan sabitlik, dayanıqlı inkişaf dövrünə qədəm qoydu. Həyata keçirilən islahatlar, atılan önəmli addımlar Azərbaycanın bugünkü inkişafı üçün real zəmin yaratdı. Yeni Konstitusiyanın qəbulu ilə siyasi varislik və milli-mənəvi dəyərlərə əsaslanan hüquqi-demokratik dövlət quruculuğu prosesi start götürdü. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və müdrikliyi sayəsində ölkəmizin səsi nüfuzlu beyəlxlaq təşkilatların tribunasından eşidilməyə başladı. Nəticədə 1994-cü il sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan Hasilatın Pay Bölgüsü Sazişi imzalandı, ölkənin həyatında yeni dövrün başlanğıcı qoyuldu.
Dövlət quruculuğuna və idarəetməyə xüsusi yanaşan Ulu Öndərin hakimiyyəti dövründə dövlət idarəçiliyinin bütün sahələrində hərtərəfli islahatlara təkan verildi, struktur dəyişikliyi aparıldı, normativ hüquqi baza formalaşdırıldı. Bu uğurlu strategiyanın nəticəsində bütün sahələr dövlətçilik ideyalarına sadiq, milli ənənələrə və beynəlxalq standartlara uyğun şəkildə təkmilləşdirildi. Bütün sahələrdə şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan kadr islahatları aparıldı.
Ümummilli lider bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoydu. Onun başlatdığı bu müqəddəs və şərəfli missiya prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin də bəyan etdiyi kimi, “biz – Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.
Dünyada baş verən geosiyasi gərginliklərə rəğmən, Azərbaycan uzun illərdir təhlükəsizlik adasına çevirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub.
Keçmiş məcburi köçkünlər qarşısında çıxışlarının birində ümumilli lider deyirdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Biz Ulu Öndərdən həm də vətəni, dövləti, xalqı sevməyi öyrəndik. Qarabağ məsələsi, ərazi bütövlüyü sona qədər xarici siyasətdə prioritet oldu, müzakirələrin mərkəzində dayandı. Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri uğurla icra edə biləcək vətənpərvər nəsil yetişdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyimiz böyük qələbə nəticəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Bu tarixi torpaqların əsl sahibləri öz doğma yurduna qayıdır. 1993-cü ildə dünya xəritəsindən silinməkdən xilas olan Azərbaycan bu gün beynəlxalq münasibətlər sisteminin layiqli üzvü kimi mövqelərini daha da möhkəmləndirməkdədir.
Ötən ay ölkəmizin ev sahibliyi etdiyi BMT-nin nüfuzlu COP29 beynəlxalq iqlim konfransı da yüksək səviyyədə, tam təhlükəsiz şəraitdə baş tutdu. 197 ölkədən 76 mindən çox insanın qatıldığı nəhəng platforma uğurla başa çatdı. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Bakı COP” iqlim diplomatiyasında dönüş nöqtəsi kimi tarixə düşdü.
Ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil Azərbaycan Ulu Öndərin arzuladığı, görmək istədiyi Azərbaycandır. Ümummilli liderin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti bizi dövlət və xalq olaraq bütün hədəflərimizə çatdırır, müstəqilliyimizi əbədi və dönməz edir.