İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

09:53 - 05 / 12 / 2024
İlham Əliyev Bakıda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” II beynəlxalq konfransının iştirakçılarına müraciət ünvanlayıb.

1news.az xəbər verir ki, müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev oxuyub.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransda salamlayıram.

Hazırda dünyada 120 milyondan çox insan məcburi köçürülmə problemi ilə qarşılaşmışdır və beynəlxalq ictimaiyyətin birgə səyləri olmadan bu problemin effektiv həlli mümkünsüzdür.

Azərbaycan xalqı da ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılıblar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib.

Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub.

Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid salamat qalmışdır. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil.

Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir.

Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır. 2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Təəssüf ki, Ermənistan cəmiyyətində xalqımıza qarşı dərin kök salmış nifrət hissi, mifik “böyük Ermənistan” xülyası, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının hələ də qalması, bu ölkənin sürətlə silahlanması iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyir.

Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir.

Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırmış, lakin qarşı tərəf bundan imtina etmişdir. Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Bundan əlavə, Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.

Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Uğurla həyata keçirilən Qayıdış Konsepsiyasına əsaslanan bu təşəbbüslər Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsinə böyük töhfələr verəcək.

Müxtəlif vaxtlarda dədə-baba torpaqlarından zorla köçürülmüş, hazırda Azərbaycanda və dünyanın bir sıra ölkələrində məskunlaşmış minlərlə Qərbi Azərbaycan əsilli şəxsin hüquqlarının müdafiəsinə həsr edilmiş konfransın işinə uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan xalqının zaman-zaman məruz qaldığı deportasiyalar barədə həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu beynəlxalq konfrans yaxın gələcəkdə qayıdış hüququ və dünyada köçkünlük problemi ilə bağlı fikir mübadiləsi aparılacaq önəmli beynəlxalq dialoq platformasına çevriləcək".

Paylaş:
157

Son xəbərlər

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində - FOTO11 / 12 / 2024, 17:59Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib11 / 12 / 2024, 17:42Dövlət Əmək Müfəttişliyi Xidməti və “DOST Müfəttiş” layihəsi növbəti beynəlxalq mükafatlara layiq görülüblər11 / 12 / 2024, 17:35Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb11 / 12 / 2024, 17:25Göyçayda ev yanıb11 / 12 / 2024, 17:18Yeni destinasiyalar, gözlənilən turistlər, potensial - Azərbaycanda qış turizminə hazırlıq hansı mərhələdədir?11 / 12 / 2024, 16:56“Ulu Öndər bizə müstəqil Azərbaycan kimi zəngin bir irs qoyub” - Nigar Məmmədova11 / 12 / 2024, 16:55Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıda fanatları ilə - FOTO - YENİLƏNİB11 / 12 / 2024, 16:49Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib11 / 12 / 2024, 16:35Deputat: “Heydər Əliyevin onun parlaq ideyaları gələcəyimizə daim nur saçacaq”11 / 12 / 2024, 16:14Ceyhun Bayramovla Hakan Fidan Suriya məsələsini müzakirə ediblər11 / 12 / 2024, 16:08Lionel Messi: “Bakı, səmimi qarşılanmaya görə çox sağ ol” - VİDEO11 / 12 / 2024, 15:49Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi11 / 12 / 2024, 15:34“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib - FOTO11 / 12 / 2024, 15:30ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!11 / 12 / 2024, 15:27Bir çox travmatoloji xidmətin icbari tibbi sığortaya əlavə edilməsi planlaşdırılır11 / 12 / 2024, 15:06Prezident AÇG ilə bağlı qanunu təsdiqləyib11 / 12 / 2024, 14:55Gəncədə eyni kəsişmədə yenidən yol qəzası olub11 / 12 / 2024, 14:33Binəqədidə 2700 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb11 / 12 / 2024, 14:15Səhiyyə Nazirliyində UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüş keçirilib11 / 12 / 2024, 13:54
Bütün xəbərlər